Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
Lənkəran, 12 iyun, AZƏRTAC
Lənkəranda şəlalədə bədbəxt hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə rayonun Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində bir nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunublar.
Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 1994-cü il təvəllüdlü Quliyev Elvin Asif oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata görə, 32 yaşlı E.Quliyev şəlalədə çimərkən boğulub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
17:26
Lənkəran rayonunda bir nəfərin şəlalədə çimərkən batması ilə bağlı məlumat daxil olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun ucqar dağ kəndi olan Biləsər ərazisində qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə Hirkan Milli Parkının ərazisində yerləşən Bum şəlaləsində bir nəfərin suda batması barədə məlumat daxil olub. Məlumat daxil olan kimi hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda şəlalədə batdığı bildirilən şəxsin sudan çıxarılması və şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Müxbir- İlkin Adıyev