REGİONLAR
Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşardır
Ağcabədi, 22 may, AZƏRTAC
Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə, Azərbaycanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşardır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar keçirilən “Tariximizi unutmayaq” mövzusundakı tədbirdə səsləndirilib.
YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov çıxışında dövlətçiliyimiz tarixində Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyətindən danışıb.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev, Azərbaycan Pedaqoji Universitetinin Ağcabədi filialının müəllimi Mahir Səlimov, Ağcabədi Pedaqoji Kollecinin müəllimi Bəxtiyar Əliyev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nurlan Piriyev, rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov və başqaları çıxış edərək, cəmi 23 ay yaşamış Xalq Cümhuriyyəti hökumətinin qısa vaxt ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən, süqutunun səbəblərindən söz açıblar. Bildirilib ki, 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edən respublikamız ümummilli lider Heydər Əliyevin səyi nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib.