Azərbaycan xalqı azadlıq uğrunda şəhid olan övladları ilə fəxr edir
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, 20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror həyata keçirib. Bu qanlı hadisəyə ilk olaraq dahi şəxsiyyət Heydər Əliyev münasibətini bildirib. Ulu Öndər faciənin ertəsi günü - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəni törədən şəxsləri kəskin şəkildə tənqid edərək bu qırğını hüquqa, demokratiyaya, humanizmə zidd addım kimi qəti şəkildə pisləyib. Görkəmli dövlət xadimi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar şəhidlərinin xatirəsinə yüksək ehtiram, onların ailələrinə və zərərçəkənlərə daim qayğı göstərib. Bu gün Azərbaycanda dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin xeyirxah əməlləri davam etdirilir. 20 Yanvar şəhidlərinin ailələrinə və zərərçəkənlərə dövlət yardımı artırılır. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunun layiqli davamçısı kimi fəaliyyət göstərir.
Qeyd edilib ki, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət də Ulu Öndərin təşəbbüsü ilə verilib. Bu qiymət ümumiləşmiş formada bundan ibarətdir ki, o vaxtkı SSRİ rəhbərliyi Azərbaycana təcavüz edib. Hadisənin günahkarlarının da adları açıqlanıb. SSRİ rəhbərliyinin təcavüzünün qarşısı alınmalı idi, o zamankı respublika rəhbərliyi bu qırğına imkan verməməli idi. Bu hadisəyə görə o dövrdə xalqın azadlıq hərəkatına rəhbərlik edənlər də məsuliyyət daşıyırdı. SSRİ rəhbərliyinin təcavüz edəcəyini bilərək xalqı qırğına aparan və bu zaman özləri kənarda qalanlar günahkardırlar.
Çıxış edənlər vurğulayıblar ki, Azərbaycan xalqı 20 Yanvar hadisələri zamanı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Qədirbilən Azərbaycan xalqı Vətənin azadlığı uğrunda canlarından keçən övladları ilə bu gün də fəxr edir, onların xatirəsini əbədi yaşadır.