Azərbaycan xalqı igid övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir
Qəbələ, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən qəhrəman Vətən övladları ilə daim fəxr edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 Yanvar faciəsinin otuz ikinci ildönümü Qəbələ rayonunda da silsilə tədbirlərlə qeyd olunub. Tədbirlər planına uyğun olaraq, rayonun bütün yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda Qanlı Yanvara həsr olunmuş müxtəlif tədbirlər keçirilib. Ümumtəhsil məktəblərində və mədəniyyət ocaqlarında 20 Yanvar faciəsini əks etdirən stendlər hazırlanıb, rəsm sərgiləri, şeir müsabiqələri, ədəbi-bədii gecələr təşkil olunub.
Yanvarın 20-də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və qazilər, ictimaiyyətinin nümayəndələri Qəbələ şəhərindəki Şəhidlər xiyabanini ziyarət edib, kompleksdə alovlanan “Əbədi Məşəl”in önünə, burada uyuyan şəhidlərin məzarları üzərinə və xatirə lövhələrinin qarşısına gül dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxuyublar.
Saat 12-də rayonun bütün ərazisində qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.