AZƏRBAYCAN XOKKEYÇİLƏRİ ÖZ QƏLƏBƏLƏRİNİ HƏMİŞƏ PREZİDENT HEYDƏR ƏLİYEVİN UĞURLU SİYASƏTİNƏ HƏSR ETMİŞLƏR
Azərbaycan Otüstü Xokkey Federasiyasının vitse-prezidenti Namiq Əliyev mərasimdə çıxış edərək, komandanın bu məsul yarışlara hazırlığından danışdı və bildirdi ki, qızlar intensiv məşqlər etmiş, Almaniya klublarından biri ilə yoxlama görüşlərində qüvvələrini sınamışlar. Xokkeyçilərimiz Barselonada çempionat başlanmazdan əvvəl Avropanın ən güclü komandaları ilə bir sıra görüşlər keçirəcəklər.
Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti, gənclər, idman və turizm naziri Əbülfəs Qarayev dedi ki, Baş nazir, MOK-un prezidenti İlham Əliyev idmanın komanda oyun növlərinin inkişafına böyük əhəmiyyət verir. Son illər voleybolçu və xokkeyçi qızlarımız böyük uğurlar qazanmışlar. Otüstü xokkey cəmi bir neçə ildə idmanın kütləvi növünə çevrilmişdir, hazırda Bakıda dünya standartlarına uyğun stadion tikilir, onun birinci növbəsi bu yaxınlarda istifadəyə verilmişdir. MOK komandamızın qarşısında Barselonada uğurla çıxış edib, Afina Olimpiya oyunlarına lisenziya qazanmaq vəzifəsi qoymuşdur. Ə.Qarayev Baş nazir İlham Əliyevin xokkeyçilərimizə bu çox mühüm yarışda uğurla çıxış etməyi arzuladığını bildirdi. Nazir vurğuladı ki, bu çempionat bizim üçün bir də ona görə mühümdür ki, idmançılarımız Avropanın ən güclü komandası adı uğrunda ilk dəfə olaraq mübarizə aparacaqlar.
Azərbaycan Otüstü Xokkey Federasiyasının prezidenti Fazil Məmmədov dedi ki, xokkeyçilərimiz həmişə öz qələbələrini xalqımız üçün əlamətdar hadisələrə həsr etmişlər. Azərbaycan Prezident Heydər Əliyevin 80 illiyini qeyd etdiyi günlərdə də belə olmuşdur və Barselonada uğurlu çıxış daha bir əlamətdar hadisəyə - oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə həsr ediləcəkdir, çünki həmin əlamətdar gündə xalqımız Heydər Əliyevə və onun apardığı siyasətə növbəti dəfə səs verəcəkdir.