Azərbaycan yeni brend otellərin sayına görə liderlər sırasındadır
Bakı, 18 mart, AZƏRTAC
AZƏRTAC arendator.ru saytına istinadla xəbər verir ki, keçən il Rusiyada və MDB məkanındakı başqa ölkələrdə brend otellər bazarına 10 mindən çox nömrə əlavə edilib. Rusiyada bu cür nömrələrin sayı 8,6 minə yaxın olub.
JLL şirkətinin hesablamalarına görə bu göstərici üzrə ikinci yeri Qazaxıstan, üçüncü yeri Azərbaycan tutub, dördüncü yeri isə Ukrayna və Belarus bölüşüb. Qazaxıstanda beynəlxalq operatorlar tərəfindən idarə edilən iki mehmanxananın ümumi fondu 519 nömrədən ibarət olub. Azərbaycanda ümumi fondu 410 nömrədən ibarət olan iki mehmanxana, Belarusda 267 nömrəlik bir otel, UKraynada isə 262 nömrəlik bir yeni otel istifadəyə verilib.
Məlumata görə, Rusiyada beynəlxalq operatorların idarə etdiyi yeni mehmanxana nömrələrinin istifadəyə verilməsi baxımından yüksək nəticə Soçi Olimpiadası dövründə mehmanxana tikintisinin geniş miqyas alması ilə təmin olunub: 2014-cü ildə Soçidə 6,3 min nömrə istifadəyə verilib. Bu, il ərzində ölkə üzrə müvafiq göstəricinin 73 faizi deməkdir.
JLL şirkətinin hesablamalarına görə, 2015-ci ildə regionda ümumi nömrə fondu 8,9 min nömrədən ibarət olan brend-otellər açılması nəzərdə tutulur. Onlardan 5,1 mini Rusiyada açılmalıdır. Yeni istifadəyə verilən nömrələrin sayına görə liderlər sırasında Azərbaycan (təxminən 1,2 min nömrə), Belarus (870 nömrə) və Qazaxıstan da var (653 nömrə).