Azərbaycan Zaqrebdə keçirilən təlimdə təmsil olunub
Bakı, 2 may, AZƏRTAC
Xorvatiyanın paytaxtı Zaqrebdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional ofisi, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və ABŞ Ştatları və Ərazilərinin Epidemioloqları Şurası tərəfindən keçirilən “Tibbi araşdırmalar əsasında elmi məqalələrin yazılması və dərci üzrə İşçi Qrupunun təlimi” keçirilib. Təlimdə Azərbaycan da daxil olmaqla, ABŞ, Danimarka, Avstriya, Albaniya, Serbiya, Moldova, Ukrayna və digər ölkələrdən mütəxəssislər, aparıcı tədqiqatçılar və mentorlar iştirak edib.
AZƏRTAC İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) istinadla bildirir ki, təlimdə mərkəzin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov iştirak edib. O, Azərbaycanda İSİM tərəfindən iki ildir həyata keçirilən “Azərbaycanda səhiyyə işçiləri arasında COVID-19 və qripə qarşı vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi tədqiqatı”nın müəlliflərindən biri kimi Avropa və ABŞ-ın yüksək impakt faktorlu elmi tibbi jurnallarında məqalələrin dərc edilməsi sahəsində digər ölkələrdən olan həmkarları ilə təcrübələrini bölüşüb, ÜST və CDC-dən olan ekspert və jurnalların resenzentləri ilə birgə məqalələrin yazılması, statistik təhlil və dərci ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, hazırda İSİM tərəfindən COVID-19 vaksinasiyası, uşaqlar arasında piylənmə, antibiotikə qarşı rezistentlik, xəstəxanadaxili infeksiyalar və ürək-damar xəstəliklərinin yükü ilə bağlı 5 tədqiqatın nəticələrinin dərci üzərində iş aparılır.
Son 2 il ərzində İSİM tərəfindən 7 məqalə milli və xarici jurnallarda dərc edilib, 2 nüfuzlu beynəlxalq konqresdə poster təqdimatlar olunub və elmi tədqiqatların təşviqi ilə bağlı xüsusi proqrama start verilib.