Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər özləri birbaşa elektron viza ala biləcəklər
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər birbaşa “ASAN Viza” sistemi ilə elektron viza ala biləcəklər. Bunun üçün Miqrasiya Məcəlləsində dəyişikliklər edilir.
AZƏRTAC xəbər verir ki, dəyişikliklər Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 6-da keçirilən iclasında müzakirə olunub. Qeyd edilib ki, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər özləri birbaşa müraciət etməklə “ASAN Viza” sistemi ilə ən gec üç iş günü müddətində elektron viza ala biləcəklər.
İclasda komitə sədri Əli Hüseynli bildirib ki, hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron viza almaq üçün özləri birbaşa müraciət edə bilmir və bu proses turizm şirkətləri vasitəsi ilə həyata keçirilir. Dəyişiklikdən sonra isə həmin şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil edəcək və müraciətin qəbulu barədə müvafiq təsdiqnamə aldıqdan sonra qanunla müəyyənləşmiş məbləğdə dövlət rüsumunu da elektron qaydada ödəyəcək. Viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin poçt ünvanına göndəriləcək. Yaxud viza verilməsindən imtina edildikdə də şəxsə bu barədə məlumat veriləcək. Elektron viza pasporta yapışdırılmayacaq. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla və geri qayıdış bileti ilə təqdim olunacaq. Buraxılış məntəqəsində pasportda şəxsin ölkəmizə daxil olması və ərazini tərk etməsi barədə qeyd aparılacaq. Məlumat “Giriş-çıxış qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsi ilə real vaxt rejimində “ASAN Viza” sisteminə ötürüləcək.
Komitə üzvləri əcnəbilər və vətəndaşlığı olmayanların birbaşa elektron viza almaq imkanının ölkəmizə səfər edənlərin sayını artıracağını bildiriblər.
İclasda “Notariat” və “Daşınmaq əmlakın dövlət reyestri” haqqında qanunlara təklif olunan dəyişikliklərə də baxılıb və dəyərləndirilib. “Daşınmaq əmlakın dövlət reyestri haqqında” qanunun 18-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən aparılan notariat hərəkətləri sırasına biri də əlavə olunur. Belə ki, sahəsi beş hektardan çox təşkil etməyən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, həmin torpaq sahəsinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri də təsdiqləyəcəklər. Komitə sədri bunun kənd təsərrüfatı sahəsində aparılan islahatların sürətlənməsinə, işin asanlaşdırılmasına xidmət edəcəyini vurğulayıb.