“Azərbaycanda arxeoloji turizm” adlı mədəni turizm marşrutu yaradılır
Bakı, 17 oktyabr, AZƏRTAC
Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, regionlara turist axınının gücləndirilməsi və turizm sənayesinin bu sahəyə diqqətinin artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni turizm marşrutlarının yaradılması ilə bağlı müvafiq işlər həyata keçirilir.
Xalqımızın mədəni dəyərlərinin təbliği, onlardan turizm məqsədləri üçün daha səmərəli istifadə olunması, həmçinin regionlarda turizmin inkişafının təmin edilməsi ilə əlaqədar nazirlik tərəfindən “Azərbaycanda arxeoloji turizm” adlı mədəni turizm marşrutunun yaradılması dəstəklənib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, arxeoloji turizm növünün inkişaf etdirilməsi və təbliği, həmçinin bu turizm növünə yerli və xarici turistlərin cəlb edilməsi məqsədilə oktyabrın 19-dan 21-dək Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti üzrə Mədəniyyət və Turizm Nazirliyinin, turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə info-tur keçiriləcək.
Marşrutun proqramı üzrə iştirakçılar müxtəlif dövrlərə aid olan arxeoloji abidələr, qədim yaşayış məskənləri və bölgələrimizin turizm potensialı ilə tanış olacaqlar.