AZƏRBAYCANDA İDMANIN İNKİŞAFI PREZİDENTHEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
ATF-nin prezidenti Kəmaləddin Heydərov qonaqları salamlamış, Azərbaycan haqqında ətraflı məlumat vermiş, Prezident Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai, siyasi, iqtisadi, mədəni həyatında baş verən əsaslı dəyişikliklərdən danışmışdır. O, respublikamızda idmanın inkişafı, olimpiya hərəkatının genişlənməsi istiqamətində görülən işlərə toxunmuş, Azərbaycanın Baş naziri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə idmanın sürətlə inkişaf etdiyini, bu sahədə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırmışdır.
Hazırda 10 mindən yuxarı gəncin taekvondo idman növü ilə məşğul olduğunu, dünya çempionatında qızıl və bürünc medallar qazanıldığını söyləyən Kəmaləddin Heydərov taekvondoçularımızın 2004-cü ildə Afinada keçiriləcək Yay Olimpiya oyunlarında uğurlu nəticələr qazanacağına əminliyini ifadə etmişdir.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən Dünya Taekvondo Federasiyasının prezidenti Un Yanq Kim Azərbaycana ilk səfərindən məmnunluğunu söyləmiş, keçmiş sovet respublikaları arasında taekvondoçularımızın xeyli nailiyyət qazandığını vurğulamış, Olimpiya idman növləri içərisində taekvondonun əhəmiyyətindən danışmışdır. O, Prezident Heydər Əliyevin Azərbaycanda gördüyü işlərdən xəbərdar olduğunu, qısa müddət ərzində respublikamızı çox inkişaf etdirib zəngin ölkəyə çevirdiyini, idman sahəsində böyük uğurlar qazanıldığını vurğulamış və demişdir ki, idman ölkənin iqtisadi inkişafında da böyük rol oynayır və bu, məhz cənab Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin, eləcə də MOK-un prezidenti İlham Əliyevin qayğısının nəticəsidir.
Qonaq Azərbaycan idmançılarının Afina Olimpiadasında çox böyük müvəffəqiyyətlər qazanacağına ümidvar olduğunu bildirmiş, gələn ilin fevralında Azərbaycanda taekvondo üzrə olimpiya lisenziya yarışının keçiriləcəyini və ölkəmizdə taekvondonun inkişafına kömək edəcəyini vurğulamışdır.
Görüşün sonunda hörmətli qonağa xatirə hədiyyəsi verilmişdir. DTF-nin prezidenti Un Yanq Kim isə Azərbaycanda taekvondonun inkişafına göstərdiyi xidmətlərə görə ATF prezidenti Kəmaləddin Heydərovu 5-ci dan qara kəmərlə mükafatlandırmışdır.