Azərbaycanda ilk dəfə “Caspian Franchise Forum 2018” forumu keçirilib
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Azərbaycanda ilk dəfə olaraq ölkədə franşizaların alqı-satqısı sahəsində yeganə işgüzar platforma olan Azərbaycan Beynəlxalq Françayzinq Forumu “Caspian Franchise Forum 2018” keçirilib.
AZƏRTAC xəbər verir ki, forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənib.
Bildirilib ki, forum “Caspian Event Organizers” (“CEO”) şirkətinin təqvimində yeni tədbirdir. Bu forumun keçirilməsində məqsəd kiçik və orta biznes müəssisələrinə yeni fəaliyyət sahələrinin genişləndirilməsi və ya təşkilində köməklik göstərmək, eləcə də Azərbaycanda françayzinqin inkişaf imkanlarını müzakirə etməkdir.
“Caspian Franchise Forum 2018” bir sıra xarici brendləri, eləcə də franşiza əldə etmək istəyən və işgüzar tərəfdaş axtarışında olan yerli sahibkarları, investisiya şirkətlərinin rəhbərlərini bir araya gətirib. Forum iştirakçıları françayzinq biznesinin yaradılması və ya inkişafı üçün konsepsiya və təkliflərini nümayiş etdirməklə yanaşı, “fast food” (“Noon-o-Kabab” şirkəti, BƏƏ), uşaqlar üçün mal və xidmətlər (“Gulliver”, “Button Blue” şirkətləri, Rusiya), IT texnologiyaları (“REISSWOLF” şirkəti, Almaniya), geyim istehsalı (“Kanzler” şirkəti, Almaniya) və restoran biznesi (“KillFish” şirkəti, Rusiya) kimi işgüzar istiqamətlər üzrə öz brend franşizalarını təqdim ediblər.
Forum təşkilatçıların, eləcə də şirkət və media nümayəndələrinin iştirakı ilə keçirilmiş mətbuat konfransı ilə başlayıb. “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə çıxış edib.
Daha sonra forum çərçivəsində “Azərbaycanda Françayzinqin İnkişafı” mövzusunda seminar keçirilib və bu tədbirdə ziyarətçilər Azərbaycanda biznes planlarının həyata keçirilməsi üçün əlavə məlumatlar əldə ediblər.
Seminarda Azərbaycan Françayzinq Mərkəzinin rəhbəri Elnur İslamov çıxış edərək dünyada və ölkədə françayzinqin perspektivləri barədə forum iştirakçılarına ətraflı məlumat verib. Həmçinin forum iştirakçıları - “Noon-o-Kabab”, “Kanzler”, “Reisswolf”, “Gulliver”, “Button Blue” və “KillFish” şirkətləri öz franşizalarının təqdimatı ilə çıxış ediblər. Forumun proqramı xarici şirkətlərin nümayəndələri və yerli potensial investorların iştirak etdiyi ikitərəfli görüşlərlə davam edib.
İlk dəfə keçirilməsinə baxmayaraq, sözügedən forum öz işinə uğurla başlayıb və bazarın ehtiyaclarını təhlil etmək, franşiza məsələlərinə dair məsləhətləşmələr aparmaq, françazyerlər ilə görüşlər keçirmək, eləcə də yeni brendləri ölkə bazarına çıxarmaq üçün səmərəli vasitəyə çevrilib.
Ətraflı məlumatı www.franchiseexpo.az saytından əldə edə etmək olar.