AZƏRBAYCANDA SEÇKİLƏR SAKİT ŞƏRAİTDƏ KEÇMİŞDİR
İqor Kaçurun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin üzvləri Azərbaycan MSK-nın dəvəti ilə noyabrın 6-da keçirilmiş parlament seçkilərində beynəlxalq müşahidəçi kimi iştirak etmişlər.
Müşahidəçilər bildirmişlər ki, noyabrın 6-da səhər saat 7-dən onların qrupu Bakının bir sıra rayonlarındakı seçki məntəqələrinə getmişlər. Ukrayna və Rusiya MSK-ların üzvləri seçki prosesini seçkilərə hazırlıqdan və onların başlanmasından məntəqələr bağlananadək müşahidə etmişlər. Səsvermə başlanmazdan əvvəl məntəqələrdə çoxlu müşahidəçi var idi, MSK onlar üçün, habelə seçicilər üçün hər cür şərait yaratmışdı.
Müşahidəçilərin sözlərinə görə, seçki məntəqələrinin üzvləri bir seçicinin təkrar səs verməsini istisna etmək üçün bütün seçicilərin barmağına gözlə görünməyən mürəkkəbin çilənib-çilənmədiyini yoxlayırdılar. Onlar belə bir eksperiment aparmışlar: seçicilərdən birinə işarələnməni yuyaraq, başqa məntəqədə yenidən səs vermək təklif olunmuşdu. Lakin digər seçki məntəqəsinin üzvləri onun barmağında gözlə görünməyən mürəkkəbin izlərini aşkar etmişlər.
Ukrayna və Rusiya MSK-larının üzvləri vurğulamışlar ki, seçkilərin gedişini müşahidə etmək üçün seçki məntəqəsinin seçimində onlara heç bir məhdudiyyət qoyulmamışdır. Bu qrupun üzvləri seçkilər zamanı hər məntəqədə namizədlərin müşahidəçilərinə suallar vermişlər. Qonaqların dediyinə görə, səsvermə və səslərin hesablanması zamanı namizədlərin vəkilləri tərəfindən pozuntular barədə onlara heç bir şikayət daxil olmamışdır.
Müşahidəçilər bildirmişlər ki, Azərbaycanda parlament seçkiləri sakit şəraitdə keçmişdir və onlar bu azad seçkilərin şahidi olmuşlar.