AZƏRBAYCANDA TULLANTILARIN İDARƏ EDİLMƏSİNDƏ MÖVCUD VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 16 aprel (AZƏRTAC). Aprelin 16-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşkilatçılığı ilə “Tullantıların idarə edilməsində mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilmişdir.
“Ekologiya ili” çərçivəsində keçirilən tədbirdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirmişdir ki, ekoloji tarazlığın qorunması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir və bu istiqamətdə məqsədyönlü işlər aparılır. Konfransın əsas məqsədi bərk məişət tullantılarının idarə edilməsində mövcud vəziyyət, aidiyyatı qurumların bu sahədə gördüyü işlər və həyata keçirilməsi nəzərdə tutulan işlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.
“Təmiz Şəhər” ASC idarə heyətinin sədri Zakir İbrahimov qurum tərəfindən həyata keçirilən tədbirlər və görüləcək işlər barədə geniş məlumat vermişdir. ASC-yə bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə ekoloji vəziyyətin yaxşılaşdırılması işlərinin həyata keçirilməsi həvalə olunmuşdur. Bu məqsədlə Balaxanı poliqonu ərazisində yenidənqurma işləri aparılmış, xüsusi çeşidləmə sahəsi yaradılmış, görülən işlərin nəticəsində yanğın və tüstülənmə hallarının qarşısı alınmışdır.
ARDNŞ-in vitse-prezidenti Muxtar Babayev ətraf mühitin sağlamlaşdırılması istiqamətində neftlə çirklənmiş torpaqların təmizlənməsi, ərazilərin rekultivasiyası və digər işlərin görüldüyünü diqqətə çatdırmış, istehsal prosesi zamanı yaranan tullantılar və onların idarə edilməsi üzrə həyata keçirilən tədbirlər barədə danışmışdır.
Konfransda Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Dünya Bankının və digər qurumların nümayəndələri mövzu ilə bağlı çıxış etmiş, tullantıların idarə olunmasında mövcud vəziyyət, bu sahədəki problemlər və onların həlli yolları, həmçinin inkişaf etmiş ölkələrin və aparıcı şirkətlərin təcrübəsinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparmışlar.
######
