Azərbaycanın 5 boksçusu Avropa Kubokunun yarımfinalına yüksəlib
Bakı, 13 oktyabr, AZƏRTAC
Monteneqronun Budva şəhərində boks üzrə Avropa Kuboku 1/4 final mərhələsinə yekun vurulub.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, millimizin daha 2 üzvü yarımfinala yüksəlib. Tayfur Əliyev (60 kiloqram) Cuzeppe Kanonikonun (İtaliya) ardınca gücünü Rusiyanı təmsil edən Arşak Tovmasyana da göstərib. Boksçumuz erməni əsilli rəqibini 4:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda fransalı üçqat dünya çempionu Sofyan Umia ilə döyüşəcək.
Tayfurun uğurunu qardaşı Sərxan Əliyev (71 kiloqram) də təkrarlayıb. 1/8 finalda Toni Cası (İBAN) mübarizədən kənarlaşdıran boksçumuz ikinci döyüşündə Miroslav Kapulerlə (İsrail) üz-üzə gəlib. Sərxan döyüşün taleyini ilk raundda həll edərək, görüşü tam üstünlüklə aktivinə yazıb. O, yarımfinalda polşalı Damian Durkajla üz-üzə gələcək. Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin edib.
Qeyd edək ki, Əliyev qardaşları ilə bərabər Azərbaycan millisinin daha 3 boksçusu final üçün döyüşəcək. Tural Sarıyev (48 kiloqram) yarımfinalda Artiş Soyanla (Rusiya), Malik Həsənov (63,5 kiloqram) Ahmat Ştivi (İsrail) ilə, Mirşərif Kazımzadə (75 kiloqram) Cambulat Bijamovla (Rusiya) qarşılaşacaq.