AZƏRBAYCANIN BMT-YƏ QƏBUL OLUNMASININ 10 İLLİYİNƏ HƏSR EDİLMİŞ KONFRANS
Martın 1-də Milli Elmlər Akademiyasının Beynəlxalq Münasibətlər İnstitutu İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi Araşdırmalar Mərkəzi ilə birlikdə Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 10 illiyinə həsr edilmiş elmi-əməli konfrans keçirmişdir.
Konfransı giriş sözü ilə açan institutun direktoru və mərkəzin prezidenti Vaqif Arzumanlı Azərbaycanın 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilməsini tarixi bir hadisə kimi dəyərləndirdi, görkəmli dövlət xadimi Prezident Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti sayəsində ötən on ildə respublikamız ilə dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı arasında sıx əlaqələr yarandığını və ölkəmizin dünya birliyində özünəməxsus yer tutmasında bu əlaqələrin mühüm rol oynadığını nəzərə çarpdırdı.
Sonra fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevin “Azərbaycan Respublikası və BMT”, böyük elmi işçi Hikmət Dayızadənin “BMT və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, filologiya elmləri namizədi Afaq Rüstəmovanın “YUNESKO və Azərbaycan Respublikası” mövzularında məruzələri dinlənildi.
YUNESKO məsələləri üzrə Azərbaycan milli komissiyasının məsul katibi Ramiz Abutalıbov, YUNESKO-nun mədəni-irsiyyət şöbəsinin müdiri Fransis Çayld konfransda çıxış edərək BMT və onun bir sıra strukturları ilə ölkəmizin əməkdaşlığının ildən-ilə daha da möhkəmlənməsindən söhbət açdılar, YUNESKO-nun respublikamızda elmin, təhsilin, mədəniyyətin inkişafındakı rolundan, tarix və mədəniyyət abidələrimizin mühafizəsi ilə əlaqədar görülən işlərdən bəhs etdilər.
Sonra konfrans iştirakçıları adından BMT-yə müraciət qəbul olundu.