Azərbaycanın Dövlət Sərhəd Xidməti döyüş atışlı taktiki təlimlər keçirmişdir
Bakı, 15 avqust (AZƏRTAC). Avqustun 13-14-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) təlim mərkəzində “Azərbaycan Respublikasının ərazisinə düşmənin qoşun qruplarının hücumlarının qarşısının alınması, terror-təxribat qruplarının zərərsizləşdirilməsi” mövzusunda döyüş atışlı taktiki təlimlər keçirilmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, təlimlərə DSX-nin çevik hərəkət bölmələri, döyüş helikopterləri, müasir zirehli texnika, artilleriya və zenit-raket kompleksləri cəlb olunmuşdur.
Təlimlər zamanı sərhəd dəstəsi, komendantlıq, zastava və xüsusi təyinatlı bölmənin şəxsi heyəti tərəfindən xüsusi şəraitə keçirilməklə şərti düşmənin dövlət sərhədini pozmuş terror-təxribat qrupu zərərsizləşdirilmişdir. Terror-təxribat qrupunu dəstəkləmək üçün dövlət sərhədini pozaraq hücuma keçmiş şərti düşmənin canlı qüvvəsi Dövlət Sərhəd Xidməti Aviasiya Dəstəsinin döyüş helikopterlərindən açılan atəşlə uzaq məsafədən məhv edilmişdir.
Şərti düşmənin dövlət sərhədini pozmuş 2-ci terror-təxribat qrupu hərbi-desant helikopterlərindən endirilmiş xüsusi təyinatlılar tərəfindən sıradan çıxarılmışdır. Bundan sonra şərti düşmənin helikopterin dəstəyi ilə döyüşə yeritdiyi qoşun qrupu zirehli döyüş maşınları və zenit qurğuları ilə, hava hədəfi isə daşınan zenit-raket kompleksləri vasitəsilə zərərsizləşdirilmişdir.
Xüsusi təlim keçmiş xidməti itlər və müasir tipli axtarış avadanlığı vasitəsilə axtarışın keçirilməsi, yaralıların təxliyə edilməsi tapşırıqları da uğurla icra edilmişdir.
Təlimlərdə zenit-artilleriya qurğularından, iri çaplı pulemyotlardan və müxtəlif tipli raket qurğularından döyüş atışları müvəffəqiyyətlə keçirilmiş, şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilmiş, müasir döyüşün aparılması üzrə hərəkətlərin təkmilləşdirilməsi, qarşılıqlı əlaqənin təşkili məsələləri tam həcmdə yerinə yetirilmişdir.
Təlimlər Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Sərhəd Mühafizəsinin şəxsi heyətinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir döyüş tapşırığını şərəflə icra etməyə daim hazır olması xüsusi vurğulanmışdır.
Sonda təlimlərdə fərqlənmiş hərbi qulluqçular təltif edilmişlər.