Azərbaycanın gündəliyi sülh, idman, tərəqqi, quruculuq işləridir - RƏY
“Qarabağ” - MOİK oyununun məhz Xankəndi şəhər stadionunda keçirilməsi rəmzi məna daşıyırdı
Bakı, 23 dekabr, AZƏRTAC
Otuzillik fasilədən sonra ilk dəfə olaraq “Qarabağ” futbol klubu öz oyununu Xankəndi şəhər stadionunda keçirdi. Bu matçın açılış mərasiminin keçirilməsinin əhəmiyyəti ondan ibarətdir ki, vaxtilə Xankəndinin “Qarabağ” klubu öz oyunlarını məhz bu stadionda keçirirdi. Amma bu oyunların təşkili Ermənistanın şəhəri işğal faktı ilə əlaqədar dayandırılmışdı. Azərbaycan ictimaiyyəti, Azərbaycan əsgəri, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə ilk dəfə olaraq yenidənqurma işləri başa çatan Xankəndi şəhər stadionunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun futbol görüşünü canlı izlədi.

Mövzu barədə AZƏRTAC-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, oyuna qədər Xankəndi şəhər stadionunda kifayət qədər genişmiqyaslı bərpa işləri aparılıb. Xankəndi stadionunda bundan sonra da oyunlar keçiriləcək. Bu matçın təşkili ilə paralel olaraq, eyni zamanda, Azərbaycan vətəndaşlarının Xankəndiyə, eləcə də Xocalıya köçürülməsi ilə bağlı xəbərlərin yayılması bir daha Azərbaycanın imkan və potensialını dünyaya nümayiş etdirir.
Yaxın perspektivdə “Xankəndi”, “Zəngəzur” və digər adda idman klubları yarana bilər

Onun sözlərinə görə, ən yaxın müddətdə digər rayonlarımızda da böyük idman kompleksləri inşa edilərək Qarabağda və Zəngəzurda idmanın inkişafı üçün mühüm addımlar atıla bilər. Bu proseslər hamısı yaxın perspektivdə “Xankəndi”, “Zəngəzur”, eləcə də işğaldan azad olunmuş digər şəhər və rayonların adlarını daşıyan idman klublarının yaranmasına, onun inkişafına mühüm töhfələr verəcək.
Xankəndi şəhər stadionunda keçirilmiş oyun tarixi əhəmiyyətə malikdir. Bütün bunlar Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə əhalimizin mümkün ən qısa müddətdə qayıdışı üçün kifayət qədər irimiqyaslı layihələrin həyata keçirildiyini bir daha nümayiş etdirir.
Digər tərəfdən isə Ermənistanda hər kəs - siyasətçi, diplomat, hərbçi, keşiş və din xadimləri anlamalıdılar ki, Azərbaycan revanşın qarşısını almağa çalışır. Amma Ermənistanda kimsə düşünməsin ki, Azərbaycan revanşdan qorxur. Əgər Ermənistan ona uzadılan sülh təklifimizi dəstəkləməzsə, Xankəndi şəhər stadionunda vurulan top “Dəmir yumruq” şəklində həmin revanşdan danışanların başına endirə bilər. Amma Azərbaycanın gündəliyi sülh gündəliyidir, idman, tərəqqi, bərpa, minalardan təmizlənmə, quruculuq işləridir. Yox, əgər kimsə bu planlarımızdan və təkliflərimizdən yararlanmağa deyil, əks istiqamətdə fəaliyyət göstərməyə çalışarsa, o təqdirdə Azərbaycan da öz hərbi, siyasi, diplomatik və iqtisadi imkanlarını növbəti dəfə “Dəmir yumruğ”a çevirə və bundan da ən çox əziyyət çəkən Ermənistan ola bilər.

“Azərbaycan futbolunun qəhrəmanı olan “Qarabağ” komandasının ərazilərimizi işğaldan tamamilə azad edən igid Azərbaycan Ordusunu təmsil edən MOİK klubu ilə oyununun həm də uzun onilliklər boyu separatizmin məskən saldığı Xankəndidə keçirilməsi rəmzi məna daşıyırdı. Azərbaycan bu fəaliyyəti ilə sanki Ermənistana sülh əlini uzadır. Yəni, biz Qarabağa qayıdışımızla idmana, abadlığa, sağlam həyat tərzinə üstünlük verdiyimizi Xankəndi şəhər stadionunda dövlət başçımızın çıxışında bir daha müşahidə etdik. Biz həm sözümüzlə, həm əməlimizlə Ermənistan tərəfinə sülh təkliflərimizi dəfələrlə vermişik. Növbəti mesajımızı da Xankəndidən əyani surətdə nümayiş etdirdik. Düşünürəm ki, bütün bunlardan uzun illər boyu revanşizm xəstəliyinə tutulan, özlərinin uydurduqları miflərə inanan Ermənistan müsbət nəticə çıxarmalıdır. Müxtəlif ölkələrdən silah almaq, revanş meyilli fikirlər səsləndirmək, bu məsələlərə aidiyyəti olmayan xarici ölkədə yaşayan şəhər merlərini və yaxud da kilsə xadimlərini qoşmaqla Ermənistan yaxşı heç nə əldə edə bilməz. Belə fəaliyyətlərin Ermənistan üçün nə qədər çətin olduğu hər kəsə məlumdur”, - deyə Ədalət Verdiyev vurğulayıb.
Azərbaycan xalqı, dünya azərbaycanlıları Qarabağ Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər

Hərbi ekspert xatırladıb ki, 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində təxminən 24 saat sonra düşmən təslim oldu. Ermənistan Fransa, Hindistandan silah almaq üçün hərbi büdcəsini artırmağı planlaşdırır. Ermənistanda bir çox qüvvələr hazırda Hindistan və ya Fransadan alınacaq silahla revanşdan danışa bilir. Hesab edirlər ki, Ermənistan revanşdan bəhs etdikcə Azərbaycan özünü narahat hiss edəcək. Amma bu ölkənin onu həyata keçirmək imkanları xaricindədir. Azərbaycan isə bərpa-quruculuq işləri üçün büdcədən ayrılan vəsaiti çoxaldırıq və ərazilərin hamısının sürətli şəkildə abadlaşdırılmasının şahidiyik. Ali Baş Komandan İlham Əliyev bu mövzuya Xankəndi şəhər stadionundakı çıxışında toxunaraq deyib: “Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”.
