Azərbaycanın hərbi aşpazları yoxlama atışları yerinə yetiriblər
Bakı, 5 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinin iştirakçılarının birinci mərhələyə hazırlıq prosesi yekunlaşıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın hərbi aşpazları silahdan yoxlama atışları etməklə çalışmaları yerinə yetiriblər.
Müsabiqənin bu mərhələsində iştirakçı ölkələrin nümayəndələri avtomatla 100 metr məsafədə hərəkətsiz hədəfi 3 patron ilə vurmalıdır. İstifadə ediləcək silahlara baxış keçirilərək qəbul edildikdən sonra aşpazlarımız müsabiqənin mərhələlərinin icra üsullarını məşq etməyə başlayıblar.