Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi-diplomatik uğurlarını şərtləndirən amillər

Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi-diplomatik uğurlarını şərtləndirən amillər

Bakı, 26 iyun, AZƏRTAC

Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi-diplomatik uğurlarını şərtləndirən amillər” sərlövhəli məqaləsini təqdim edir.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və Azərbaycan xalqının yenidən öz istiqlaliyyətinə qovuşması milli nizami ordu quruculuğu tarixində şərəfli bir mərhələnin başlanğıcını qoydu. Bu baxımdan ordu quruculuğu istiqamətində iyunun 26-da müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə mühüm addım atıldı və faktiki olaraq ilk milli ordu yaradıldı.

Bu mərhələ Azərbaycan Ordusunun təşkilatlanması, formalaşması və reallığa çevrilməsi mərhələsidir. Tarixi şəraitin bütün mürəkkəbliklərinə baxmayaraq, Azərbaycan xalqı və Azərbaycan hökuməti tərəfindən qısa müddət ərzində Azərbaycan Ordusunun formalaşdırılması və bu ordunun Azərbaycanın müstəqilliyinin keşiyində dayanacaq bir qüvvəyə çevrilməsi həmin mərhələnin son dərəcə əhəmiyyətli nəticəsidir.

Cümhuriyyət ordusu hərbi işə münasibətdə, ordunun cəmiyyətdə və dövlət quruculuğundakı yerinin müəyyənləşdirilməsində tamamilə yeni bir təfəkkürü üzə çıxardı, bununla da dövlətçilik tarixində yeni bir səhifə açdı. Kifayət qədər məhdud müddət ərzində struktur baxımından təşkilatlanan, təminat və təchizat sistemi yaradılan, döyüş və mənəvi-psixoloji hazırlığı nizamlanan Cümhuriyyət ordusunun yaradılması həm də Azərbaycan xalqının, azərbaycanlı zabitlərin hərbi istedadını və qabiliyyətini nümayiş etdirdi.

1918-ci il iyunun 27-dən iyulun 1-dək Göyçay ətrafında birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri ilə Bakı Xalq Komissarları sovetinin hərbi qüvvələri arasında gedən döyüşlərin nəticəsində Bakı sovetinin hərbi qüvvələri məğlub oldu və onların Gəncə üzərinə hücumları dəf edildi. Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu iyun-avqust aylarında Gəncədə, Yevlaxda, Göyçayda, və digər bölgələrdəki ağır döyüşlərdə bolşevik- daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Beləliklə, 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara, özbaşınalıqlara son qoyuldu.

Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakını erməni-bolşevik işğalından azad edildiyi gün Azərbaycan xalqının tarixində böyük dəyərə malik səhifə kimi əbədiləşmiş və mühüm hadisə kimi daim xatırlanır. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçərək, mühüm dövlət təsisatları məhz burada yerləşdirildi, ölkədə dövlət quruculuğunun əsas mərhələsinə başlanıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu dövrünün qabaqcıl hərbi təcrübəsinə əsaslanan bir ordu idi və bu ordunun təşkilatlanması sahəsində əldə edilmiş təcrübə metodoloji baxımdan bu gün də öz dəyərini itirməyib, Azərbaycanda nizami ordunun təşəkkül tarixi kimi də heç zaman əhəmiyyətini itirməyəcək. Məhz belə keyfiyyətlərə malik olmasının nəticəsi idi ki, 1920-ci ilin aprelində Azərbaycanın bolşevik qüvvələri tərəfindən işğalından sonra, ilk növbədə, milli ordu siyasi terrorun qurbanına çevrildi. Cümhuriyyət ordusu dağıdıldığı kimi, onu yaradanlar da kütləvi şəkildə sovetləşmənin başlanğıcında bolşevik terroruna məruz qaldılar.

Azərbaycanda milli ordu quruculuğu və tarixi Qələbəyə gedən yol

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə erməni separatizmi, eləcə də hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu istiqamətində bir sıra addımlar atıldı. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı. Bununla yanaşı, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. Onu da qeyd etmək lazımdır ki, hələ sovet dövründə dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və uzaqgörənliyi sayəsində, tarixi addım atıldı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Nəticədə hərbi məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı. Bu baxımdan, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına Hərbi məktəbin Silahlı Qüvvələr üçün zabit kadrlarının hazırlanmasında əvəzsiz xidmətləri vardır.

Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 İyun Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ümummilli liderin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.

2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin yüksək texnoloji keyfiyyətlərə cavab verən müasir silah və hərbi texnika ilə təmin olunması istiqamətində işləri fəal şəkildə davam etdirir.

Müasir dövrdə Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilmişdir. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır.

Rəşadətli Azərbaycan Ordusu öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-dən 5-dək davam edən Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Nəticədə, 4 günlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı.

Bunun davamı olaraq, 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus-Laçın yolu Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsində beynəlxalq təşkilatların sənədləri əsas hüquqi baza oldu

Azərbaycan Prezidenti İlham Əliyev mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmiş, xüsusilə, son 18 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratmışdı.

Bu baxımdan son illər ərzində beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün əsas amillərdən biri oldu. İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 4 qətnamə (822, 853, 874, 884) icra edilməli idi. 2021-ci il iyunun 26-da Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bildirdi ki, Azərbaycan Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut etməli idi: “Nə üçün sübut etməli idik? Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Əfsuslar olsun ki, ermənipərəst qüvvələr, Ermənistanın xaricdəki havadarları bu saxta reallığı gerçəyə çevirməyə çalışırdılar. Bizim isə imkanlarımız çox məhdud idi. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar - BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bu, məsələnin beynəlxalq tərəfi idi” .

Azərbaycanın diplomatik səyləri ilə keçən dövr ərzində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı qətnamə və qərarlar qəbul etmişlər.

Son illər ərzində beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edilməsi dövlət başçısı İlham Əliyevin yürütdüyü ölkəmizin milli maraqlarına söykənən xarici siyasətinin nəticəsi idi. Ümumiyyətlə, Prezident İlham Əliyevin prinsipial mövqeyi və diplomatik fəaliyyəti sayəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində beynəlxalq təşkilatların sənədləri əsas hüquqi baza kimi tarixi Qələbəni şərtləndirən amillərdən biri oldu.

Azərbaycan Prezidenti tərəfindən Ermənistanın işğalçılıq siyasətinin dünyaya çatdırılması

Dövlətimizin başçısı İlham Əliyev Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məsələsinə diqqəti bir daha cəlb edərək 2016-cı il iyunun 3-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında demişdir ki, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır və Ermənistandan başqa heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Məlumdur ki, Ermənistanın diaspor təşkilatları artıq onilliklər ərzində formalaşıb və onlar dünyanın aparıcı media qurumlarına müxtəlif yollarla müdaxilə ediblər, eləcə də orada təmsil olunurlar.

Prezident İlham Əliyev bildirib ki, bu istiqamətdə işimizi daha da təkmilləşdirməli, ilk növbədə, xarici media ilə iş aparılmalı, çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi müxtəlif media orqanlarında təmsil olunsunlar: “Onlar öz Vətənini müdafiə edəcəklər. Onlar həqiqətləri çatdıracaqlar. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur”. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalı, proqram tərtib edilməlidir: “Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə, biz bunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük”. Eyni zamanda, Prezident bildirib ki, diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalı və bu əlaqələr güclənməli, o cümlədən xarici ölkələrdə dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır.

Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Ermənistanın yürütdüyü siyasət, tutduğu mövqe tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmirdi. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.

İkinci Qarabağ müharibəsində hərbi-diplomatik uğurlar

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

2020-ci il noyabrın 8-i isə Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.

Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə, Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 22-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi.

Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.

Nəticədə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi.

Şuşanın işğaldan azad edilməsi Zəfər Günü kimi tarixə yazıldı

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi.

Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən, noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 2021-ci il dekabrın 21-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri zamanı hərbi hissənin açılışında İkinci Qarabağ müharibəsində Qələbəni şərtləndirən əsas amillərdən biri kimi diqqətə çatdırdı ki, Hadrutdan sonra Şuşaya yolumuz açıldı və Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı: “Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sirr deyil”.

Azərbaycan Prezidentinin prinsipial mövqeyi informasiya məkanında da uğurlarımızı şərtləndirirdi

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar: “Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”.

Hər zaman, xüsusilə, Münhen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.

Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin Zəfər çalmasını şərtləndirdi.

Azərbaycanın hərb meydanında tarixi Qələbəsini yüksək dəyərləndirən dünyanın bir sıra hərbi-siyasi ekspertlərinin fikirlərini Ukraynanın “İnter” telekanalının müxbiri də təsdiq etdi: “Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi üçün xüsusi əməliyyat mənim fikrimcə, həm hərbi texnologiyaların tətbiqi baxımından, ən başlıcası, dinc əhali və hərbçilər arasında tələfatın minimuma endirilməsi, həm də yeni hərbi texnologiyaların tətbiqi baxımından nümunəvi əməliyyat idi. Azərbaycan bütün dünyaya göstərdi ki, səngər müharibəsi artıq keçmişdə qalıb və mən əminəm ki, bu, bir çox hərbi məktəblərin dərsliklərinə daxil ediləcək”.

Bu baxımdan, bir sıra aparıcı beynəlxalq KİV-ə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırıb, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində də tarixi ədalətin Zəfər çaldığını göstərdi. Prezident İlham Əliyevin həm Vətən müharibəsinin gedişi dövründə, həm də fevralın 26-da keçirilən geniş mətbuat konfransında tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan məntiqli fikirləri dünyanın aparıcı KİV-nin gündəmində, əsas xəbər başlıqlarında yayılaraq Azərbaycan həqiqətləri bütün dünyaya çatdırıldı.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirmişdir ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik.

Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində 5,9 bal gücündə zəlzələ baş verib

CNN: ABŞ İranla danışıqları dayandırıb

Almaniya sərhəd nəzarətini daha altı ay uzatmaq istəyir

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 300-ü keçib

Çempionlar Liqası: “Fənərbağça”nın Fransa klubu ilə qarşılaşması 1:1 hesabı ilə başa çatıb

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşı vəzifəsindən istefa verib

İki iranlı diplomat Fransadan çıxarılacaq

Türkiyədə zəlzələ olub

"Hapoel"in baş məşqçisi: “Sabah” keyfiyyətli və sürətli komandadır

Ağdaşda və Göyçayda təmir işləri ilə əlaqədar sabah elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Yunanıstanda meşə yanğınları başlayıb

İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Media: Avropanın miqrasiya siyasəti böhranın nəticələrinə yönəlir

"Barselona" Rodrinin transferini açıqlayıb

Ebola virusu yayılan Konqo Demokratik Respublikasında narazılıqlar başlayıb

Paytaxtın 30 yol sahəsində təmir işləri yekunlaşdırılıb

Xocavənddə uşaqların rəqəmsal təhlükəsizliyinə dair təlimlərə start verilib

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd edilib

Bu saata olan əsas xəbərlər

BƏƏ-nin hava hücumundan müdafiə qüvvələrinin raket təhlükəsi aşkar etdiyi açıqlanıb

DSMF “Əlçatan hüquq” layihəsini davam etdirir

Almaniyada dron təhlükəsizliyi üzrə yeni texnologiya mərkəzi fəaliyyətə başlayıb

Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi mərhələsinin nəticələri elan olunub

“Neftçi” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

Berlin administrasiyasına kiberhücum 50 mindən çox ailənin sosial ödənişlərini riskə atıb

907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni imkanlar aça bilər TƏHLİL

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri – Zaqatalada seminar

“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib

Qivami Rəhimli: Bir ömrün yaddaşında qalan izlər – Tamam Bayatlı

Məkkə sazişi: Orta güclərə və kollektiv çəkindirməyə üstünlük - Analitika

Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir?

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO

® MİDA güzəştli ipoteka krediti – “Expressbank”da

Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir – Ekspert rəyi

Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

Sənətşünas: ARKA-nın layihələri dəstəkləməsi kino sahəsində inkişafın göstəricisidir

Tramp: İranla heç bir danışıqlar aparılmır və ya planlaşdırılmır

ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

Qazaxıstanda Qurultay seçkiləri üçün 777 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Qusarda maşının vurduğu dörd yaşlı uşaq ölüb

Azərbaycan həndbolçusu: Avropa Kubokunda final fitinə qədər mübarizə aparacağıq

Nadir Bədəlov: Festivallarda kinoşünasların rəyi böyük əhəmiyyət daşıyır

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

Böyük Britaniyanın Baş naziri saxta mesajlaşma ilə bağlı hadisədən utanmadığını açıqlayıb

Endi Börnhem: Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirəcək

BMU tələbələri aqrar sahədə süni intellektin tətbiqi ilə bağlı layihələrini təqdim ediblər

® “Bir” Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark’26”ya qeydiyyatı açıq elan edir

Azərbaycanlı rəssamın ABŞ-də fərdi sərgisi açılıb

İngiltərədə sığınacaq axtaranların ünvanlarını paylaşmaqda ittiham olunan şəxs həbs edilib

ABŞ-İran razılaşması ilə bağlı qeyri-müəyyənlik nefti bahalaşdırır

Moskva vilayətində məktəbdə qumbaranın partlaması nəticəsində dörd müəllim xəsarət alıb

Keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı müraciətləri dinlənilib

Qazaxıstanda neft-qaz şirkətləri Xəzərdə terrorla mübarizə qüvvələrinin yerləşdirilməsi üçün yer ayıracaq

Amin Məmmədov: Mövcud yaşıllıqların qorunması şəhər yaşıllığının davamlı inkişafının əsas istiqamətlərindəndir

İlk yarımildə Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi 206 milyon dolları ötüb

Aygün Aslanlı: Mükafatların təsis olunması kinematoqrafçıların əməyinin qiymətləndirilməsinə xidmət edir

Azərbaycan-Türkiyə tərəfdaşlığının regionun geoiqtisadi xəritəsinin formalaşmasında rolu TƏHLİL

Almaniyada quraqlıq kənd təsərrüfatına ciddi zərbə vurub

Avropada qaz anbarlarının doluluq nisbəti son 5 ilin ən aşağı səviyyəsindədir

Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi Bank Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini yaradır

Voleybol üzrə Avropa çempionatının Bakıdakı oyunlarını 7 ölkənin hakimləri idarə edəcək

Sabah Abşeron çimərliklərində suyun temperaturu 26 dərəcəyədək isti olacaq

Nicat Dadaşov: Peşəkar qiymətləndirmə və sağlam rəqabət milli kinonun inkişafına təkan verir

“Səbail” yeni futbolçu transfer edib

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan mirvari, qiymətli metal və zərgərlik məmulatı ixracını 20 dəfədən çox artırıb

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyəcək

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Murtəza Həsənov: Azərbaycanın sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur

DİM rezidenturaya qəbulun nəticələrini açıqlayıb

Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar

“Qarabağ” və “Tvente”nin 7-ci dueli: Əvvəlki oyunlar necə bitib?

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

Belçikadakı meşə yanğınının təsiri Kölnə qədər yayılıb

“Ulduz” jurnalının iyul-avqust nömrəsində...

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

Böyük Britaniyada iş vakansiyalarının sayı son beş ilin ən aşağı səviyyəsinə enib

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH

Özbəkistan MTRŞ əməkdaşlar üçün süni intellekt imkanlarını genişləndirir

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

® Hər böyümüş limfa düyünü təhlükəlidirmi?

Rumıniyalı futbolçu: "Neftçi"yə keçidimlə bağlı danışıqlar son mərhələdədir

® “Mən sadəcə işimi görürəm”: PR mütəxəssislər niyə çox vaxt görünməz qalırlar?

Bal ayına gedən britaniyalı cütlük Yunanıstanda helikopter qəzasında həlak olub

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər – ŞƏRH

“Borussiya Dortmund” niderlandlı futbolçunu heyətinə qatıb

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur - ŞƏRH