AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ BÖLGƏLƏRİNDƏ NARKOTİK VASİTƏLƏR HAZIRLANMASI BİR DAHA TƏSDİQ EDİLMİŞDİR
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2004-cü il martın 27-də İran-Azərbaycan dövlət sərhədinin Füzuli istiqamətindən qaçaq yolla respublikamıza narkotik vasitə keçirmiş İran vətəndaşı, 1969-cu il təvəllüdlü Xudam Pənahi və cinayətkar qrupun digər 4 üzvü əməliyyat tədbirləri nəticəsində saxlanılmış, onlardan 6 kiloqram 93 qram marixuana, 984,5 qram həşiş, 154 qram heroin və 27,04 qram tiryək götürülmüşdür.
İlkin araşdırma zamanı narkotik vasitələrin Azərbaycanın işğal altında olan bölglərində hazırlandığı barədə əməliyyat məlumatları təsdiqini tapmışdır.
Fakt üzrə cinayət işi başlanmış və hazırda dəstənin digər üzvlərinin müəyyənləşdirilib məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.