Azərbaycanın İsveçdəki səfirliyində referenduma hazırlıq işləri sona çatıb
Stokholm, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyində qurulan məntəqə seçki komissiyası sentyabrın 26-da keçiriləcək referenduma hazırdır. Yaradılan məntəqə 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibindədir.
Məntəqə seçki komissiyasının sədri, səfir Adış Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, səfirlik İsveçdə, Norveçdə və Finlandiyada yaşayan soydaşlarımızın seçki məntəqəsinə gələrək rahat şəkildə referendumda səs vermələri üçün zəruri maddi-texniki hazırlıqları bitirib. Adış Məmmədov diqqətə çatdırıb ki, İsveç, Norveç və Finlandiyada konsulluq qeydiyyatında olan 810 vətəndaşımızın adları seçici siyahısına daxil edilib və həmin vətəndaşların yaşayış və elektron poçt ünvanlarına müvafiq bildirişlər və Konstitusiya Aktı layihəsi barədə məlumat göndərilib. Bu məlumatlar, eyni zamanda, səfirliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Səfirlikdə diaspor fəalları ilə görüşlər keçirilərək referendumun mahiyyəti, Konstitusiyaya təklif olunan dəyişikliklər layihəsinin hər bir maddəsi barədə lazımi izahat verildiyini bildirən Adış Məmmədov ümumxalq səsverməsinin Seçki Məcəlləsinin və dünya seçki praktikasının tələblərinə uyğun olaraq açıq və şəffaf şəkildə keçiriləcəyinə əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, seçki Məcəlləsinə uyğun olaraq, xarici ölkələrdəki diplomatik missiyaların əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri ilə yanaşı, xarici ölkələrdə daimi və müvəqqəti yaşayan vətəndaşların ümumxalq səsverməsində iştirakı mümkündür.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm