Azərbaycanın Latviyadakı səfiri bu ölkənin Yekabpils bölgəsinə səfər edib
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bu ölkənin Yekabpils bölgəsinə işgüzar səfər edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Elnur Sultanov Yekabpils bələdiyyəsinin sədri Rainis Raqainis ilə görüş keçirib və ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıb.
Görüş zamanı Suraxanı rayonunun Qaraçuxur bələdiyyəsi ilə qardaşlaşan Yekabpils bələdiyyəsi arasında qarşılıqlı əlaqələrin mədəniyyət, təhsil, ətraf mühit və digər sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə Rainis Raqainis Yekabpilsdə həyata keçirilən islahatlar, infrastrukturun yaxşılaşdırılması, şəhərin gələcək inkişafı ilə bağlı planlarını bölüşüb.
Sonra səfir E.Sultanov Yekabpils şəhərində qurulmuş Azərbaycan guşəsi ilə tanış olub, bir sıra müəssisələri ziyarət edib və “Vidusdaugavas” regional televiziya kanalına müsahibə verib.