Azərbaycanın Macarıstandakı səfiri ölkə parlamentinin spikeri ilə görüşmüşdür
Budapeşt, 6 may (AZƏRTAC). Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev mayın 6-da Macarıstan parlamentinin spikeri Laslo Kover ilə görüşmüşdür.
Görüşdə ölkənin qanunvericilik orqanının spikeri qeyd etmişdir ki, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün geniş imkanlar vardır, Macarıstanın ali qanunverici orqanı bu əlaqələrin strateji xarakter kəsb etməsinə öz töhfəsini verməyə hazırdır. Laslo Kover yaxın vaxtlarda Azərbaycana səfər etməyə hazır olduğunu bildirmiş, azərbaycanlı həmkarı Oqtay Əsədovu Macarıstana səfərə dəvət etdiyini xatırlatmışdır.
Tərəflər görüşdə siyasi, iqtisadi və humanitar əməkdaşlığın bir sıra aspektləri barədə fikir mübadiləsi etmişlər. Parlamentlərarası əlaqələrin inkişafına xüsusi diqqət yetirilmişdir.
Səfir Vilayət Quliyev Macarıstan parlamentinin rəhbərini regionda vəziyyət, Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri barədə məlumatlandırmış, Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal edəndən və etnik təmizləmələr aparandan sonra öz doğma yurdlarını tərk etmiş 1 milyona yaxın qaçqının və məcburi köçkünün ağır həyat şəraiti barədə faktları onun diqqətinə çatdırmışdır.
Səfir Macarıstan parlamentinin bir qrup deputatı tərəfindən hazırlanmış və parlamentdaxili müzakirə mərhələsində olan sənədi - Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi və azərbaycanlı əhaliyə qarşı soyqırımı barədə qətnamənin layihəsini də yüksək qiymətləndirmişdir.
Səfir demişdir: “Belə bir qətnamə layihəsinin hazırlanması onu göstərir ki, Macarıstan cəmiyyəti və parlament dairələri bu münaqişədə həqiqət axtarmaqla məşğuldurlar və onlar düz yoldadırlar”.
Görüşdə hər iki ölkənin parlament rəhbərləri, dostluq komitə və qruplarının başçıları səviyyəsində qarşılıqlı səfərlər təşkil edilməsi və bu qrupların fəaliyyətinin gücləndirilməsi məsələləri də müzakirə edilmişdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt