AZƏRBAYCANIN MÜDAFİƏ POTENSİALI İKİ DƏFƏDƏN ÇOX ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, 2005-ci ildə Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər çox uğurlu olmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində hərbi büdcə təxminən 70 faiz artmışdır. 2006-cı ildə isə hərbi xərclərə nəzərdə tutulan məbləğ 100 faiz artacaq və bu proses davam edəcəkdir. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bildirmişdir.
Azərbaycanın dövlət başçısı vurğulamışdır ki, son iki il ərzində ölkəmizin müdafiə potensialı iki dəfədən də çox artmışdır və bu siyasət davam etdiriləcəkdir. Biz müharibə şəraitində yaşayırıq, torpaqlarımız işğal altındadır və bu siyasətimiz təbiidir. Bu, bizim suveren haqqımızdır.