AZƏRBAYCANIN NATO-YA DAXİL OLMASI MƏSƏLƏSİ GÜNDƏLİKDƏ DEYİL
Gəlin belə şayiələrin yayılması səbəblərini araşdırmağa çalışaq.
Hərbi ekspert, istefada olan general-mayor Vladimir Timoşenkonun fikrincə, Azərbaycanda NATO-ya inteqrasiya istiqamətində doğrudan da böyük iş görülmüşdür: “…hərbi hazırlıq, kadr siyasəti və struktur məsələlərinə yenidən baxılmışdır. Bütün parametrlər, o cümlədən təlim prosesi, hazırlıq, arxa təminatı - hər şey NATO standartlarına uyğundur. Bu gün Azərbaycan MDB-nin hər hansı başqa respublikası ilə müqayisədə NATO standartlarına daha çox cavab verir və alyansın tamhüquqlu üzvü olmağa hazırdır”.
Uzun illərdir ki, ölkəmiz türkiyəli təlimatçıların xidmətlərindən istifadə edir və onların köməyi ilə bir çox parametrlər NATO standartlarına uyğunlaşdırılmışdır. General-mayor V.Timoşenko vurğulamışdır ki, NATO silahlarına tam keçid məsələsi çox mürəkkəb və uzun prosesdir. Bir sıra mövqelər də vardır ki, onları nəzərə alsaq, Şimali Atlantika alyansına daxil olmaq bu günün və sabahın məsələsi deyildir.
Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin MDB-nin üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurasının noyabrın axırında Astanada keçirilmiş iclasından sonra mətbuat konfransında bəyan etdiyi kimi, “hələ ki, Azərbaycanın NATO-ya daxil olması haqqında qərar yoxdur”. Eyni sözlər Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun dilindən də səslənmişdir. O demişdir ki, ölkəmiz alyansla əməkdaşlıq edir və bu işi bir çox istiqamətlərdə, o cümlədən humanitar sahədə və energetika sahəsində davam etdirəcəkdir.
Belə bir faktı da nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanın “dondurulmuş” Dağlıq Qarabağ münaqişəsi vardır, alyansa üzvlük isə quruma daxil olma şərtlərindən biri kimi bütün münaqişələrin həllini nəzərdə tutur, yəni iddiaçı münaqişəni öz xeyrinə həll etmək məqsədi ilə gələcəkdə alyansa təzyiq göstərməsin. Xəzəryanı dövlətlərin Tehran sammiti iştirakçılarının Xəzəri sülh və dostluq dənizinə çevirmək, onun akvatoriyasında xarici ölkələrə məxsus gəmilərin üzməsini qadağan etmək qərarını da nəzərə almamaq olmaz. Deməli, Azərbaycan NATO-ya daxil olmaq istəyini bəyan edərsə, bununla əlaqədar ortaya çıxacaq hüquqi məsələləri də həll etməli olacaqdır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məsələ ilə bağlı fikrini kifayət qədər dəqiq ifadə etmişdir: “NATO ilə qarşılıqlı münasibətlərimiz barədə onu deyə bilərəm ki, bu münasibətlər fərdi tərəfdaşlıq çərçivəsində kifayət qədər uğurla inkişaf edir. Biz bu sahədə artıq ikinci mərhələyə çıxmışıq. Bakı Şimali Atlantika alyansı ilə qarşılıqlı münasibətlərini islahatlar zəminində qurur”.
Xarici işlər nazirinin müavini Araz Əzimovun fikrincə, NATO-ya daxil olmaq Azərbaycanın, NATO-nun özünün və digər tərəflərin rəylərinin nəzərə alınmasını tələb edən çoxtərəfli prosesdir. NATO buna hazır olanda Azərbaycan alyansa daxil olması ilə bağlı məsələyə baxacaqdır. Müəyyən addımlar atılacaqdır və bu, o halda reallaşa bilər ki, NATO-ya üzvlük Azərbaycanın mənafelərinə cavab versin.
NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Robert Simmons demişdir: “NATO Azərbaycanla sıx əməkdaşlıq edir, lakin hələlik alyansa daxil olmaq məsələsi qoyulmur”. Robert Simmonsun sözlərinə görə, Azərbaycanın NATO standartlarına uyğun islahatlar aparmaqda davam etməsi alyans üçün vacibdir və qeyd edilməlidir ki, bu islahatlar çox uğurla gedir. O, ərazisində münaqişələr olan ölkələrin NATO-ya qəbul edilməsi ehtimalının nə dərəcədə real olması barədə suala toxunaraq, Rusiya ilə münaqişəli münasibətləri olan, lakin buna baxmayaraq, NATO-ya üzv qəbul edilmiş Polşanı və Baltikyanı ölkələri misal gətirmişdir. Lakin cənab Simmons onu da əlavə etmişdir ki, burada bir “amma” var, bu ölkələr hərbi qarşıdurma vəziyyətində deyildilər.
NATO-nun Cənubi Qafqazdakı əlaqələndiricisi Zbiqnev Repaçki NİSA-nın (NATO İnternational School of Azerbaijan) qış sessiyasının aşılışında vurğulamışdır ki, alyans Azərbaycanın Avropanın bütün qurumlarına inteqrasiyasını dəstəkləyir. NATO ilə əməkdaşlığın hansı səviyyədə olacağı isə Azərbaycanın özündən asılıdır.