AZƏRBAYCANIN NÜMAYƏNDƏ HEYƏTİ BERLİN İQTİSADİ ƏMƏKDAŞLIQ KONFRANSINDA İŞTİRAK ETMİŞDİR
Martın 13-15-də Berlində “Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla iqtisadi əməkdaşlığın regionlaşdırılması və qloballaşdırılması” mövzusunda 2-ci konfrans keçirilmişdir. Federal Sənaye və Ticarət Palatası, Texniki Əməkdaşlıq Təşkilatı, nüfuzlu beynəlxalq banklar tərəfindən təşkil olunmuş və Almaniyanın xarici işlər, iqtisadi əməkdaşlıq və inkişaf nazirliklərinin bilavasitə dəstəklədikləri konfransın işində Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın hökumət nümayəndə heyətləri, Özbəkistan və Türkmənistanın səfirləri iştirak etmişlər.
İqtisadi inkişaf naziri Fərhad Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinə maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, Milli Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyev, “Çinar” İstehsalat Birliyinin baş direktoru Əşrəf Hacıverdiyev və Xarici İşlər Nazirliyi İqtisadi Əməkdaşlıq və inkişaf idarəsi rəisinin müavini Fikrət Paşayev daxil idilər.
Konfransda çıxış edən Avropa Birliyinin, Almaniya hökumətinin, işgüzar dairələrinin nümayəndələri Mərkəzi Asiya ölkələri və Azərbaycanla əməkdaşlığın perspektivlərini, bu respublikalarda iqtisadiyyatın nəzərəçarpan irəliləyişini konkret faktlarla təhlil etmiş, sərmayə qoyulması üçün etibarlı hüquqi bazanın yaradıldığını vurğulamışlar.
İştirakçı ölkələrin hökumət nümayəndələrindən birinci söz verilən respublikamızın iqtisadi inkişaf naziri Fərhad Əliyev Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin 100 illik tarixindən danışmış, bu əlaqələrin hazırda uğurla davam etməsi və genişləndirilməsində Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ilin iyulunda AFR-ə rəsmi səfəri zamanı imzalanmış sazişlərin xüsusi əhəmiyyəti olduğunu bildirmişdir. Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətinin konkret istiqamətlərini və nəticələrini vurğulayan nazir neft müqavilələrindən kənarda qalan alman iş adamlarını neft maşınqayırması və digər sahələrdə əməkdaşlığa dəvət etmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvləri Almaniyanın iş adamları ilə yeni əməkdaşlıq əlaqələri yaradılması məqsədi ilə təşkil olunmuş görüş və danışıqlarda da fəal iştirak etmişlər.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
BERLİN