Azərbaycanın Polşadakı səfirliyi Varşava Universitetinin tədbirində təmsil olunub
Vyana, 22 yanvar, AZƏRTAC
Azərbaycanın Polşadakı səfirliyi Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri (keçmiş Şərqşünaslıq) fakültəsinin birinci kurs tələbələrinin xarici ölkələrin Polşada akkreditə olunan diplomatik missiyalarının rəhbərləri ilə ənənəvi görüşündə təmsil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Varşava Universitetinin rektoru Aloyzı Novak başda olmaqla bu ali təhsil müəssisəsinin rəhbərliyi, Polşada akkreditə olunan diplomatik missiyaların rəhbər və əməkdaşları, universitetin akademik heyəti iştirak edib.
Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova Avropa ilə Asiyanın kəsişməsində yerləşən, qədim tarixin dinamik müasir inkişafla qovuşduğu ölkəmiz barədə tələbələrə ətraflı məlumat verib. O qeyd edib ki, Türk dünyasının vacib bir hissəsi olan Azərbaycan tarixi boyu çoxsaylı çətinliklər qarşısında sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək tolerantlıq diyarı kimi tanınıb.
Türk dövlətlərini bir araya gətirən Türk Dövlətləri Təşkilatından (TDT) söz açan səfir hazırda təşkilata sədrlik edən Azərbaycanın prioritetlərini - regional sülh və təhlükəsizlik, gücləndirilmiş əlaqələr və üzv dövlətlər arasında daha dərin iqtisadi inteqrasiyanı sadalayıb. O, əsas enerji və nəqliyyat dəhlizlərini təşviq etməklə Azərbaycanın TDT-nin geosiyasi əhəmiyyətinin artmasına töhfə verdiyini açıqlayıb.
TDT-nin təşkilatlarından biri olan Türk Mədəniyyəti və İrsi Fondu ilə Polşa arasında əməkdaşlığa toxunan səfir N.Qurbanova sözügedən Fondun prezidenti A.Raimkulovanın ötən ilin noyabr ayında Polşaya səfəri zamanı Varşava Universitetində Türk Xalqlarının Mədəniyyət Mərkəzinin yaradılması haqqında sazişin imzalandığını bildirib. O, yaradılacaq Mərkəzin zəngin akademik və təhsil proqramları təklif edən, Polşa ilə Türk dünyası arasında daha güclü anlaşma və əməkdaşlıq əlaqələri qurmağa töhfə verən, həmçinin türk mədəni irsini təşviq edən platforma rolunu oynayacağını diqqətə çatdırıb.
Cari ildə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunduğunu vurğulayan səfir 1926-cı ildə Bakıda keçirilmiş Qurultayın tarixə XX əsrdə türk xalqlarının mədəni həyatında ən əlamətdar hadisələrdən biri kimi daxil olduğu deyib. Səfir məhz bu mötəbər toplantıda keçmiş Sovet İttifaqında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası və etnoqrafiyası ilə bağlı mühüm qərarlar qəbul edilməsindən və latın qrafikasına keçidin elmi və metodoloji prinsiplərinin ətraflı şəkildə işlənib hazırlanmasından söz açıb.
Ötən ilin dekabr ayının Türk dünyası üçün daha bir əlamətdar hadisə ilə yadda qaldığını xatırladan səfir UNESCO-nun Səmərqənddə keçirilmiş baş konfransında 15 dekabr tarixinin Dünya Türk Dili Ailəsi Günü elan edildiyini diqqətə çatdırıb.
Rəsmi açılışdan sonra hər ölkəyə aid stendlər nümayiş olunub. Azərbaycanın Polşadakı səfirliyi ilə Varşava Universiteti nəzdində Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkil etdiyi Azərbaycan stendində milli mətbəximizin ləziz təamları iştirakçılara təqdim olunub, Azərbaycanın qədim tarixi və ecazkar mənzərələrini əks etdirən təqvimlər paylanılıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana