AZƏRBAYCANIN PRAVOSLAV İCMASINA
Əziz həmvətənlər!
Sizi, Azərbaycanın bütün pravoslav xristianlarını İsa Məsihin mövludu ilə əlamətdar olan müqəddəs Milad bayramı münasibətilə səmimi təbrik edir, hər birinizə xoşbəxtlik, cansağlığı və əmin-amanlıq arzulayıram.
Bəşər tarixində yeni bir dövrün təməlini qoyan Milad günü bütün dini bayramlar kimi mərhəmət duyğusu oyadan ruhu ilə əsrlər boyu dostluq, mehribanlıq və həmrəylik rəmzi olmuşdur. Şərin dəf edilməsi, xeyrin zəfəri və azadlıq amalı ideyaları ilə aşılanmış bu bayram hər il bütün dünya xristianları tərəfindən böyük təntənə ilə qeyd olunur. Azərbaycanda ikiyüzillik tarixi olan pravoslav icması da öz dini dəyərlərinə sadiqliyini nümayiş etdirərək, insanlar arasında səmimiyyət və mehribanlığı artıran Milad bayramı günlərində xüsusi mərasimlər təşkil edir, bayramı layiqli şəkildə qeyd etmək üçün müxtəlif tədbirlər keçirir.
Unikal geosiyasi məkanda yerləşən Azərbaycanın tarixində və mədəniyyətində bütün dünya dinlərinin yüksək mənəvi dəyərləri əks olunmuşdur. Azərbaycanda tarixən formalaşmış tolerantlıq və dözümlülük cəmiyyətimizi səciyyələndirən gözəl ənənəyə çevrilmişdir. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri konsepsiyasının uğurla həyata keçirilməsi nəticəsində bu ənənə daha da inkişaf edərək zənginləşmişdir.
Ölkəmizin bərabərhüquqlu vətəndaşları olan pravoslav xristianlar müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafı yolunda gedən proseslərdə fəal iştirak edirlər. İnanıram ki, Azərbaycanın daha güclü olması naminə ölkəmiz qarşısında duran vəzifələrin yerinə yetirilməsində pravoslav həmvətənlərimiz bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.
Qoy bu bayram hər birinizə uğurlar, ailələrinizə səadət və əmin-amanlıq gətirsin!
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 yanvar 2005-ci il.