AZƏRBAYCANIN QAZAXISTANDAKI SƏFİRLİYİNDƏ 31 MART SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI TƏDBİR OLMUŞDUR
Astana, 1 aprel (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyində 31 mart-soyqırımı günü ilə bağlı anma mərasimi keçirilmişdir.
Mərasimdə Qırğızıstan, Ukrayna və Gürcüstanın Qazaxıstandakı səfirliklərinin əməkdaşları, Astanadakı Azərbaycan diasporunun, Qazaxıstan-Azərbaycan Mədəniyyət və Dostluq Assosiasiyasının üzvləri, jurnalistlər iştirak etmişlər.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Müvəqqəti işlər vəkili Nizami Rüstəmov soyqırımı ilə əlaqədar ətraflı məlumat vermiş, 1918-ci ilin mart hadisələri zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi ərazilərində 150-dən artıq kəndin xarabalığa çevrildiyini bildirmişdir. N.Rüstəmov demişdir ki, Şuşada törədilmiş qırğınlar nəticəsində 50 mindən artıq, Bakıda isə 30 min adam həlak olmuşdur.
Səfirliyin birinci katibi Nizami Bəxşəliyev, Gürcüstanın Qazaxıstandakı səfirliyinin nümayəndəsi Zurab Kozmova, Qazaxıstan-Azərbaycan Mədəniyyət və Dostluq Assosiasiyasının sədri Asxad Şakirov, Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının prezidenti Vidadi Salahov və başqaları azərbaycanlılara qarşı törədilmiş işğalçılıq və soyqırımı siyasəti haqqında söhbət açmışlar.
Tədbirdə erməni terrorizmi haqqında filmlər nümayiş etdirilmiş, bu barədə məlumatlar toplusu Qazaxıstan hökumətinə, Senat və Məclisə, nazirliklərə, Astanadakı səfirlik və beynəlxalq təşkilatlara göndərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana