Azərbaycanın qədim tarix konsepsiyası və süni intellekt – dəyirmi masa
Bakı, 27 aprel, AZƏRTAC
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycanın qədim tarix konsepsiyası: suveren dövlətin süni intellekt kontekstində dezinformasiya və kibertəhlükəsizliklə bağlı hədəflər” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın qədim dövr tarixi şöbəsinin böyük elmi işçisi Ramin Əlizadə qədim tarix konsepsiyasının dövlətçilik ənənələrinin öyrənilməsi baxımından əhəmiyyət daşıdığı vurğulayıb. O bildirib ki, müasir dövrdə bu konsepsiyaya yeni baxışın formalaşlması ilə yanaşı, rəqəmsal məkanda onun qorunması üçün innovativ yanaşmalara ehtiyac var. Süni intellekt texnologiyaları həm tarixi faktların manipulyasiyası (deepfake, bot şəbəkələri), həm də tarixi yaddaşın qorunması baxımından mühüm alətə çevrilib. Bu müstəvidə Azərbaycanın qədim tarixinin rəqəmsal mühitdə təhrif edilməsinə qarşı süni intellektə əsaslanan kibertəhlükəsizlik strategiyalarının rolu önə çıxır: “Müasir dünyada suverenlik anlayışı yalnız fiziki sərhədlərlə məhdudlaşmır, eyni zamanda, “rəqəmsal suverenlik” amili ilə ölçülür. Azərbaycanın qədim dövlətləri olan Manna, Atropatena və Albaniya tez-tez dezinformasiya kampaniyalarının hədəfinə çevrilir. Bu baxımdan süni intellekt alqoritmlərinin tarixi mənbələrdəki zaman uyğunsuzluqlarını aşkar etmək imkanları xüsusi əhəmiyyət daşıyır”.
Ramin Əlizadə bildirib ki, milli tarix konsepsiyasının kiberməkanda qorunması üçün “deep learning” modelləri əsasında “milli narrativ filtri”nin yaradılması zəruridir. Bu yanaşma xarici bot şəbəkələrinin sosial media və açıq platformalarda apardığı tarixi saxtalaşdırma cəhdlərinin qarşısını almağa xidmət edə bilər.
Alim mixi yazılı mənbələrin Azərbaycanın qədim dövlətçilik tarixinin öyrənilməsində fundamental rol oynadığı, lakin bu mənbələrin interpretasiyasında obyektivlik və tarixilik prinsipinin qorunmasının vacibliyini xüsusi vurğulayıb. Süni intellekt bu sahədə linqvistik maneələri aradan qaldırmaq və məlumatların daha dəqiq təhlilini təmin etmək baxımından geniş imkanlar yaradır.
Dəyirmi masada tarixi proseslərin düzgün təhlili və keçmişdən çıxarılan nəticələrin müasir təhlükəsizlik strategiyalarına inteqrasiyası ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.