AZƏRBAYCANIN RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİ ABŞ-DA İŞGÜZAR SƏFƏRDƏ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ Ticarət və İnkişaf Agentliyi Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində struktur dəyişikliyinin həyata keçirilməsi üçün 750 min dollar məbləğində texniki yardım ayıracaq. Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Vaşinqtonda keçirilən görüşləri zamanı fikir mübadiləsi aparılmışdır. Ticarət və İnkişaf Agentliyinin rəsmiləri ümidvar olduqlarını bildirmişlər ki, ayrılacaq yardım nazirliyin informasiya və kommunikasiya şəbəkəsinin maliyyə və qanunverici sahələrinin təkmilləşdirilməsi işlərinə sərf ediləcəkdir. Yardımın ayrılması haqda müvafiq sənədlər Bakıda imzalanacaqdır.
ABŞ paytaxtında 5 günlük işgüzar səfər çərçivəsində nazir Əli Abbasov Prezident Administrasiyasının və Konqresin nümayəndələri, o cümlədən Prezident Corc Buşun elmi məsələlər üzrə müşaviri Con Marburqer, Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Donna Dousett-Koyrolo ilə danışıqlar aparmış, Birləşmiş Ştatların aparıcı elmi-texnoloji laboratoriyalarının işi ilə tanış olmuşdur. Tərəflər Azərbaycanın Cənubi Qafqaz bölgəsinin informasiya məkanında aparıcı rolunu nəzərdən keçirmiş, yeni texnologiyaların tətbiq edilməsində ABŞ tərəfinin köməyi haqda danışmışlar. Nazir Əli Abbasov Baltimor şəhərində Beynəlxalq texnoloji konfrans və sərgidə də iştirak etmişdir.
Vaşinqtondakı ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri qarşısında çıxış edən nazir demişdir ki, Qərbə inteqrasiya yolu tutan Azərbaycanda bu gün informasiya və kommunikasiya texnologiyaları sahəsinə sərmayələrin yatırılması üçün yeni imkanlar açılmışdır. 907-ci maddənin qadağaları dayandırıldıqdan sonra ABŞ və Azərbaycan bu sahədə əmədaşlıqdan daha çox faydalana biləcəklər.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton