AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRİ “EXO MOSKVI” RADİOSTANSİYASININ EFİRİNDƏ SEÇKİLƏRİN YEKUNLARINI ŞƏRH ETMİŞDİR
R.Rizayev diqqətə çatdırmışdır ki, 40-dan çox ölkədən olan çoxsaylı müşahidəçilərin və beynəlxalq təşkilatların nümayəndələrinin ilkin məlumatına görə, ölkəmizdə parlament seçkiləri şəffaflıq şəraitində və beynəlxalq demokratik standartlara uyğun keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu il mayın 11-də və oktyabrın 25-də iki Sərəncam imzalayaraq, Milli Məclisə seçkilərin azad və demokratik şəraitdə keçirilməsi üçün əlverişli şərait yaratmışdır. Səfir demişdir: “Şübhəsiz ki, ölkə rəhbərliyi beynəlxalq hüquq normalarına və demokratik standartlara riayət olunması üçün bütün tədbirləri görmüşdür. Bu seçkilər cəmiyyətimizin gələcək inkişafı üçün zəmin yaradan kamillik, demokratiya və müstəqillik imtahanı idi. Bir çox beynəlxalq müşahidəçilərin fikrincə, seçki kampaniyası Azərbaycanda demokratik sistemin müstəqilliyini və dövlətin dünya demokratiya məkanına inteqrasiya xəttinin dəyişməzliyini nümayiş etdirmişdir”.
Diplomat müxalifətin seçkilərin yekunlarına mümkün reaksiyası barədə suala cavab verərək bildirmişdir ki, şübhəsiz, müxalifət seçkilərin nəticələrini qəbul etməyəcəkdir. Bu, bütün demokratik ölkələrdə baş verir. Lakin parlament seçkilərinin ilkin nəticələri bir daha müxalifətin siyasi qüvvə kimi zəifliyini nümayiş etdirdi. R.Rizayev demişdir: “Müxalifətin seçkilərin yekunlarına qarşı etiraz mitinqi keçirəcəyi barədə bəyanatları uğursuz “piar” tədbirdir”. Seçki kampaniyası başlanandan müxalifət nümayəndələri dəfələrlə bəyan etmişlər ki, deputat mandatlarının əksəriyyətini onlar qazanacaqlar. Halbuki, ictimai rəy sorğuları cəmiyyətin müxalifəti çox az dəstəklədiyini göstərmişdir. Onlar bu bəyanatları ilə, ilk növbədə, seçiciləri öz tərəflərinə çəkməyə, daha bir səs qazanmağa çalışmışlar.
Ramiz Rizayev Mehriban Əliyevanın Milli Məclisə seçilməsi məsələsinə toxunaraq vurğulamışdır ki, həqiqətən, Azərbaycanın birinci xanımı öz dairəsində seçici səslərinin 92 faizdən çoxunu qazanmışdır. Səfir demişdir: “Xalqın həqiqi qızğın dəstəyini, Mehriban xanım Əliyevanın cəmiyyətdə geniş populyarlığını belə bir fakt da göstərir ki, müxalifət partiyalarının heç biri onun fəaliyyətini və parlamentin deputatı seçilmək niyyətini tənqid etməmişdir. Mehriban xanım ictimai fəaliyyət göstərir, mədəniyyətin və təhsilin inkişafına böyük yardım edir, xeyriyyəçiliklə məşğul olur, uşaqların, qaçqın-köçkünlərin və imkansızların qayğısına qalır. Onun ölkənin ictimai həyatında yaxından iştirakı hamı tərəfindən rəğbətlə qarşılanır və etimad doğurur”.
Sonda səfir Ramiz Rizayev bildirmişdir ki, bir çox Qərb müşahidəçiləri, o cümlədən ABŞ-ın “Heritac” Fondunun əməkdaşı Ariel Kohen, Missuri ştatının keçmiş qubernatoru Bob Holdinq, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə əlaqələndiricisi Ceyms Dogen və başqaları seçkilərin şəffaf, müstəqil və demokratik şəraitdə keçirildiyini hesab edir və yüksək qiymətləndirirlər.