Azərbaycanın səfiri Bəhreyn qəzetində Ermənistanın təxribatları haqqında məqalə ilə çıxış edib
Qahirə, 17 sentyabr, AZƏRTAC
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Bəhreynin ingilis dilində nəşr olunan nüfuzlu “The Daily Tribune-News of Bahrain” qəzetində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatlar haqqında məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Daşkəsən və Laçın rayonlarının sərhədində törətdiyi təxribatlar haqqında məlumat verilib. Müəllif qeyd edib ki, erməni ordusunun bu hücumları Azərbaycanla sülh prosesinə ciddi zərbə vurub. Təxribatlar göstərib ki, rəsmi Yerevan Brüsseldə Avropa Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşdə əldə olunmuş razılaşmanın şərtlərini yerinə yetirməkdə səmimi deyil və sülhə can atmır. Eyni zamanda, Ermənistan həmin görüşdə sentyabrda iki ölkənin xarici işlər nazirlərinin münasibətlərin normallaşması, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin, həmçinin beynəlxalq miqyasda qəbul olunmuş sərhədlərinin tanınması üzrə danışıqlara dair Azərbaycanın təkliflərinə də cavab verməyib.
Yazıda diqqətə çatdırılıb ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə 3 milyard dollardan artıq vəsait ayırıb və Ermənistanın təxribatları bu torpaqlarda uğurla davam edən prosesi də təhlükə altına alır. Erməni silahlı qüvvələri həmin işlərdə çalışan mülki şəxslərin həyatına da təhlükə törədir. Halbuki Azərbaycan beynəlxalq humanitar qaydalara və humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir, bu yaxınlarda bir neçə erməni diversantı həbsdən azad edilərək Ermənistana qaytarılıb, eyni zamanda, döyüşlər zamanı həlak olan 100 erməni hərbçisinin cəsədlərinin təhvil verilməsi təklif edilib və Qırmızı Xaç Komitəsinə bu barədə məlumat verilib.
Müəllif vurğulayıb ki, bütün bu təxribatların fonunda uzaqgörən siyasət yürüdən Prezident İlham Əliyev regional inkişaf və əməkdaşlıq üzrə bütün protokolların yerinə yetirilməsində israrlıdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə