Azərbaycanın Tacikistandakı səfirliyində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anma mərasimi olmuşdur
Düşənbə, 26 fevral (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyindəki “Heydər Əliyev muzeyi”ndə Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Tədbirdə Tacikistan parlamentinin deputatları, səfirlər, siyasi partiyaların və ictimaiyyətin nümayəndələri, elm və mədəniyyət xadimləri, paytaxtdakı diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəl Xocalı soyqırımını əks etdirən fotostendə baxmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı və digər faciələrlə bağlı kitablardan ibarət sərgi ilə tanış olmuşlar.
Anma mərasimi Xocalı faciəsindən bir gün sonra Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi kadrlardan ibarət sənədli filmin nümayişi ilə başlamışdır.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Xocalı faciəsi, ermənilərin məkrli siyasəti haqqında mərasim iştirakçılarına məlumat vermişdir. Səfir miqyasına görə bu faciəni Xatın, Sonqmi, Lidiç, Oradur soyqırımıları ilə müqayisə edərək demişdir ki, hüquqi tərkibinə görə bu faciəni ancaq soyqırımı adlandırmaq olar.
Onun sözlərinə görə, erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalının dinc sakinləri - qocalar, qadınlar, uşaqlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Səfir o gecə öldürülən, itkin və əsir düşmüş soydaşlarımızın sayı haqqında da mərasim iştirakçılarına məlumat vermişdir. O, qeyd etmişdir ki, həmin gün Xocalıdakı mədəniyyət abidələri də dağıdılmışdır ki, bu da beynəlxalq konvensiyalara ziddir. Vurğulanmışdır ki, faciəni törədənlər Ermənistanın keçmiş və indiki rəhbərləri - R.Koçaryan, S.Sarkisyan və onların havadarlarıdır. Onlar gec-tez layiqli cəzalarını alacaqlar.
A.Həsənov demişdir ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra 1994-cü ildə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmişdir və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə məqsədyönlü işlər aparılır. İndiyədək Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Çexiya parlamentlərində, ABŞ-ın beş ştatında Xocalı soyqırımı kimi tanınmış, Haaqa, Sarayevo, İstanbul, Meksikada Xocalı faciəsinə həsr olunmuş abidələr ucaldılmışdır.
Diasporumuzun fəallarından Amal Hacıyeva, jurnalist Nərgiz Rahmatşoyeva və başqaları Xocalı faciəsinin günahkarları və havadarlarını lənətləmişlər.
Səfirliyin əməkdaşları tərəfindən rus, ingilis və tacik dillərində hazırlanmış məlumatlar toplusu, həmçinin Səriyyə Müslümqızının “Xocalı uşaqları” kitabının rus və ingilis dillərində olan elektron variantı mərasim iştirakçılarına paylanmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə