Azərbaycanın taleyini dəyişən Zəfər tarixi
Lənkəran, 14 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 14-də Lənkəran Sosial və Aqrar-Texnoloji Kollecində Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanın taleyini dəyişən Zəfər tarixi” mövzusunda açıq dərs keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərbaycan tarixi” açıq dərsində çıxış edən kollecin direktoru, dosent Ruslan Həmidov XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycanın qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdiyini bildirib.
Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı.
Qeyd olunub ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.
Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür.
Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Məruzə ətrafında müzakirələrdə kollecin FBK sədri Günel Abdullayeva, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, şöbə müdiri Dəyanət Əskərov və II kurs tələbəsi Aysu Şirinzadə çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir.
Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.