Azərbaycanın Türkmənistandakı səfirliyində 9 May - Qələbə bayramı qeyd edilmişdir
Aşqabad, 8 may (AZƏRTAC). Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində 9 May - Qələbə bayramı münasibətilə Böyük Vətən müharibəsində iştirak edən Türkmənistanda yaşayan azərbaycanlı veteranlarla görüş keçirmişdir.
Böyük Vətən müharibəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Vəhdət Sultanzadə veteranları bayram münasibətilə təbrik edərək demişdir ki, Böyük Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaqdır.
V.Sultanzadə 1941-1945-ci illər müharibəsinin Azərbaycan xalqından da yan keçmədiyini və Azərbaycanın bu müharibədə həm igid övladları, həm də nefti ilə iştirak etdiyini söyləmişdir. Faşizm üzərində Qələbənin qazanılmasında Bakı nefti əsas amillərdən biri olmuş və bunu Azərbaycan xalqının fədakar, qəhrəman əməyi təmin etmişdir.
Azərbaycanlı veteranlar müharibə xatirələrini bölüşmüşlər.
Onlar ümummilli lider Heydər Əliyevin veteranlara göstərdiyi diqqət və qayğını heç vaxt unutmayacaqlarını vurğulamış, Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Azərbaycanlı veteranlara səfirlik tərəfindən maddi yardım və hədiyyələr təqdim edilmişdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad