İDMAN
Azərbaycanın U-19 millisi yoxlama oyununda qələbə qazanıb
Bakı, 28 iyul, AZƏRTAC
Bakıdakı təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası sonuncu yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, “Şüvəlan”la qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. U-19-un heyətində Emil Qasımov və İdris İnqilablı fərqlənib.
Bununla da toplanışı yekunlaşdıran yığmanın baş məşqçisi Vüqar Məmməd bildirib: “Bu oyunla təlim-məşq toplanışını yekunlaşdırdıq. Sabah bərpa məşqindən sonra futbolçular klublarına yola salınacaqlar. Təlim-məşq toplanışı başa çatdığına görə, bugünkü oyunun analizini hər bir futbolçunun özünə göndərəcəyik. Rəqib Birinci Divizionun təcrübəli və güclü komandalarından biridir. Bu oyunu da toplanış çərçivəsində keçirdiyimiz digər qarşılaşmalar kimi qələbə ilə başa vurduq. Bütün futbolçularımdan razı qaldım. Onlar hər görüşə final oyunu kimi çıxdılar. Qələbə münasibətilə komandamı təbrik edirəm. Komanda oyundan-oyuna bütün komponentlərdə artırır, amma hücumda taktiki baxımdan görüləsi işlərimiz qalıb. Keçirdiyimiz bütün oyunlarda qollar vursaq da, bu istiqamətdə çalışmalıyıq. İrəlidə çox əhəmiyyətli turnirdə iştirak edəcəyik. Bütün futbolçulara çox ciddi tapşırıqlar verəcəyik. Onlar da öz növbəsində, klublarında mütləq əsas heyətin futbolçuları olmalıdırlar. Futbolçular toplanışı zədəsiz başa vurdular. Hamısına uğurlar arzulayıram. Daim nəzarətimiz altında olacaqlar”.