Azərbaycanın və Çexiyanın vətəndaş cəmiyyətləri arasında əlaqələr müzakirə edilmişdir
Bakı, 16 aprel (AZƏRTAC, Samirə Allahverdiyeva). Çexiya Parlamenti Senatının Avropa İttifaqı məsələləri üzrə komitəsinin sədri Miroslav Kreyçanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında olmuşdur.
AZƏRTAC xəbər verir ki, Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti haqqında nümayəndə heyətinə məlumat vermişdir. O, Şuranın əsas məqsədinin vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərini hərtərəfli şəkildə dəstəkləyərək hökumət ilə QHT sektoru arasında əlaqələndirməni etmək olduğunu bildirmişdir.
Şuranın yaradılması zamanı ABŞ və Avropa təcrübəsini öyrəndiklərini bildirən A.Quliyev qurumun 6 illik fəaliyyəti dövründə heç bir siyasi, dini, etnik ayrı-seçkiliyə yol vermədən 2500-dən artıq QHT-nin layihəsini maliyyələşdirdiyini vurğulamışdır.
Çexiya QHT-ləri ilə də əməkdaşlıq etdiklərini deyən Şura sədri xarici QHT-lər üçün qrant proqramı çərçivəsində onlardan ikisinin layihəsinin dəstəkləndiyini bildirmişdir.
Miroslav Kreyça onu müşayiət edən nümayəndə heyətinə daxil olan şəxslərin QHT sektorunda böyük təcrübəyə malik olduqlarını söyləmişdir. O, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərlə tanış olmağa, ölkəmizin təcrübəsini öyrənməyə böyük maraq göstərdiklərini vurğulamışdır.
Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsi baxımından görüşlərin mütəmadi keçirilməsi haqqında razılığa gəlmişlər.