Azərbaycanın və İtaliyanın regionları arasında mövcud əməkdaşlıq imkanları müzakirə olunmuşdur
Bari, 17 aprel (AZƏRTAC). Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin Puqlia regionuna səfəri çərçivəsində Bari şəhərinin meri Mikele Emiliano ilə görüşmüşdür.
Söhbət zamanı səfir V.Sadıqov Azərbaycanın tarixi, hazırkı siyasi, iqtisadi vəziyyəti, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir.
Azərbaycan-İtaliya əlaqələrindən danışan səfir ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycan bu əlaqələri daha da genişləndirməkdə maraqlıdır. V.Sadıqov demişdir: “Azərbaycanın önəmli ticarət tərəfdaşı olan İtaliya ilə sıx siyasi və iqtisadi əlaqələri mövcuddur. Bölgələrimiz və şəhərlərimiz arasında əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi üçün yaxşı imkan vardır”. Səfir diqqətə çatdırmışdır ki, bir çox italiyalı iş adamları, o cümlədən Puqlia bölgəsindən olan sahibkarlar tez-tez Azərbaycana səfər edirlər. Bu səfərlər birgə layihələr həyata keçirmək baxımından faydalıdır.
Azərbaycan ilə İtaliya arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən M.Emiliano ölkələrimizin institusional qurumları arasında münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulamışdır. Qeyd olunmuşdur ki, hər iki ölkənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının qarşılıqlı səfərləri Azərbaycanın biznes imkanlarını öyrənmək və Puqlia bölgəsinin müvafiq istiqamətdə potensialını nümayiş etdirmək baxımından böyük əhəmiyyətə malikdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Bari