Azərbaycanın və Latviyanın rayonları arasında əməkdaşlıq haqqında Saziş imzalanıb
Azərbaycan nümayəndə heyəti Latviyanın Qulben rayonunda “Rankas piens” süd emalı müəssisəsində, eləcə də “Dimdini” kələm məhsulları istehsalı müəssisəsində olub.
Siyəzən və Xızı rayon icra hakimiyyətlərinin başçıları “Mazbanisa” parovoz bayramında iştirak edib, xalq sənəti məhsulları bazarına baxıblar.
Qulben diyarının rəhbəri N.Stepanovla görüşdə regional əməkdaşlıq, eləcə də regionun sahibkarları arasında işgüzar əlaqələrin inkişafı məsələləri müzakirə edilib.
Görüşün sonunda Qulben diyarının rəhbəri N.Stepanov və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Əməkdaşlıq haqqında Saziş imzalayıblar.
Növbəti gün nümayəndə heyəti Latviyanın Valmiyera diyarında “Aivaru Flemingu”nun rəhbərliyi ilə görüşüb və metal emalı müəssisəsi ilə tanış olub.
Valmiyera şəhər özünüidarə Dumasının sədri İnesis Bokis ilə görüşdə Valmiyera şəhərinin inkişafından bəhs edən təqdimat keçirilib.
Görüş Valmiyera şəhər özünüidarə Dumasının sədri İnesis Bokis və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun Əməkdaşlıq haqqında Saziş imzalamaları ilə başa çatıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa