AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ 33-CÜ SESSİYA ÇƏRÇİVƏSİNDƏ İKİTƏRƏFLİ GÖRÜŞLƏR KEÇİRMİŞDİR
Qətər Dövləti Baş nazirinin birinci müavini, xarici işlər nazirinin müavini Həməd bin Casim bin Cabir Al Tani 33-cü sessiyanın yüksək səviyyədə keçirilməsinə və qonaqpərvərliyə görə ölkəsinin nümayəndə heyəti adından Azərbaycan hökumətinə təşəkkürünü bidirmişdir.
Görüşdə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanmışdır.
Nazir E.Məmmədyarov Azərbaycanın Qətərlə diplomatik əlaqələrin möhkəmləndiriliməsinə yönəldilmiş səyləri barədə ətraflı məlumat vermişdir.
Həməd bin Casim bin Cabir Al Tani bu ilin sentyabrında Qətərin turizm nazirinin, Qətər Hava Yolları şirkəti başçısının və digər rəsmi şəxslərin Azərbaycana nəzərdə tutulan səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Görüşdə ikitərəfli siyasi və iqtisadi məsələlər, bölgədəki vəziyyət və qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə müzakirələr olmuşdur.
X X X
Əfqanıstanın xarici işlər naziri Rangin Dadfar Spanta ilə görüşdə E.Məmmədyarov regiondakı siyasi və iqtisadi vəziyyət haqqında məlumat vermişdir. Əfqanıstan naziri də ölkəsindəki vəziyyətdən danışmışdır.
İkitərəfli əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə səylərin artırılmasına dair razılıq əldə edildiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
X X X
Omanın xarici işlər nazirinin müavini Bədr bin Həməd əl-Busəidi sessiyanın yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə ölkəsinin nümayəndə heyəti adından təşəkkürünü bildirmişdir.
Qonağı Bakıda görməyindən məmnun olduğunu bildirən E.Məmmədyarov Azərbaycanın ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini vurğulamışdır.
İqtisadi və ticarət sahələrində də əməkdaşlığı genişləndirmək üçün imkanların olduğu bildirilən görüşdə əlaqələrin inkişaf etdirilməsi barədə razılıq əldə olunmuşdur.
Görüşdə Bakıda KİV üzrə konfransın keçirilməsi ilə bağlı təşəbbüs, bölgədəki vəziyyət, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılmışdır.
X X X
Elmar Məmmədyarovun sessiyada qonaq qismində iştirak edən Avropa Şurası (AŞ) baş katibinin müavini xanım Mod de Bur-Bukikkio ilə görüşündə sessiyadakı müzakirələrə, Azərbaycan-AŞ münasibətlərinin hazırkı durumuna, təkrar parlament seçkiləri və oktyabrda keçiriləcək bələdiyyə seçkilərinə, seçki qanunvericiliyinə və demokratikləşmə məsələlərinə, habelə Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin uğurla yerinə yetirildiyini bildirən nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqeni diqqətə çarpdırmışdır. İşğal edilmiş ərazilərin boşaldılması və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasının münaqişənin sülh yolu ilə həllində başlıca prinsip olduğunu vurğulayan E.Məmmədyarov, bu məsələdə razılıq əldə olunmadığını söyləmişdir.
Nazir qeyd etmişdir ki, müasir dünyada qaçqın və məcburi köçkünləri öz doğma yurdlarına qayıtmaq hüququndan məhrum etmək olmaz və bu məsələnin müsbət həlli beynəlxalq ictimaiyyətin iradəsindən çox asılıdır.
Görüşdə, həmçinin son zamanlar erməni silahli birləşmələrinin cəbhə xəttində törətdiyi yanğınlarla bağlı narahatlıq ifadə olunmuş, bunun təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün fəlakət olduğu qeyd edilmişdir. Nazir yanğınlara məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü qonağın diqqətinə çatdırmışdır.
Sessiyada aparılmış müzakirələrlə bağlı söhbət zamanı terrorizmə qarşı qlobal mübarizə, dini dözümlülük, dini və mənəvi dəyərlərə hörmət və bu kontekstdə mətbuatın rolu, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.
X X X
Misir Ərəb Respublikasının xarici işlər nazirinin müavini xanım Naila Qabr ilə görüşdə ölkələrimiz arasında iqtisadi, siyasi, humanitar, ticarət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr aparılmışdır.
Azərbaycana səfərindən məmnun olduğunu bildirən Naila Qabr, yüksək qonaqpərvərliyə görə minnətdarlıq etmişdir.
Hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsini məmnuniyyətlə xatırladan nazir, bu sahədə əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinə Azərbaycanda xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırmış, gediş-gəlişi asanlaşdırmaq üçün Misir ilə Azərbaycan arasında birbaşa təyyarə reyslərinin açılmasının zəruriliyini vurğulamışdır.
Görüşdə İKT çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi, təşkilatın gələcək fəaliyyət imkanlarının və səmərəliliyinin artırılması məqsədi ilə mütəmadi məsləhətləşmələrin aparılması və bir sıra digər məsələlərə dair razılıq əldə edilmişdir.