Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri tam yeni xarakter alaraq müttəfiqlik səviyyəsinə yüksəlib
Bakı, 25 oktyabr, AZƏRTAC
Gürcüstana işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyevin bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatları əslində Tiflis-Bakı münasibətlərdə yeni dönəmin elan edilməsi idi. Məlumdur ki, müstəqillik qazandıqdan sonra kiçik bir dövrü istisna etməklə Azərbaycan-Gürcüstan münasibətləri mehriban qonşuluq əlaqələrinə əsaslanıb. Ümummilli Liderin neft strategiyası isə Tiflislə münasibətlərimizdə fərqli dönəm başlatdı. Prezident İlham Əliyevin neft-qaz, nəqliyyat-kommunikasiya sahəsində reallaşdırdığı qlobal layihələrdən, o cümlədən Gürcüstan iqtisadiyyatına ciddi investisiya qoyuluşundan sonra Azərbaycan Tiflis üçün yalnız cənub-şərqi qonşu yox, eyni zamanda, bu ölkənin müasir tarixində taleyüklü rola malik etibarlı və strateji tərəfdaşa çevrilib.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev elə bir geosiyasi mühit formalaşdırıb ki, özündən daha güclü qonşu nəinki Tiflisi narahat etmir, əksinə, Azərbaycanın hərbi-siyasi gücünün artması, inkişaf və tərəqqisi Gürcüstanın milli təhlükəsizliyinin qarantlarından biri kimi çıxış edərək bu ölkənin milli maraqları ilə üst-üstə düşür. Bu münasibətlərin kökündə dayanan əsas amil isə Azərbaycan hakimiyyətinin Gürcüstana münasibətdə dürüst, ədalətli davranışı oldu. Eyni zamanda, istər beynəlxalq müstəvidə, istər regional səviyyədə Gürcüstan da Azərbaycana, onun ərazi bütövlüyü və haqq davasına həmişə ədalətli mövqe sərgiləyib, mehriban qonşuluq çərçivəsində davranıb.
“Bu gün müşahidə olunan mənzərə isə artıq münasibətlərin yeni müstəvidə cərəyan etdiyini göstərir. Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri tam yeni xarakter alaraq müttəfiqlik səviyyəsinə yüksəlib. Habelə, görünməkdədir ki, əlaqələrin siyasi əhəmiyyəti artıq iki ölkə hüdudları ilə kifayətlənməməkdə, Tiflis-Bakı müttəfiqliyi həm region, həm də bütövlükdə Avropa üçün önəm qazanmağa başlamaqdadır. Xüsusən, dünyada enerjiyə tələbat artdığı bir zamanda ölkə arasında əlaqələr hər iki ölkənin birlikdə milli maraqlarını təmin etməsinə imkan verir. Məhz Prezident İlham Əliyevin şaxələndirilmiş enerji siyasətində vacib həlqələrdən biri kimi çıxış edən Gürcüstan artıq bu layihələr çərçivəsində Avropa üçün ayrıca önəm qazandığının fərqindədir. Sevindirici haldır ki, Tiflis bu məsələdə Bakının həlledici, dostcasına, hər iki ölkənin maraqlarına uyğun rolunu həm dərk edir, həm də əməkdaşlığın dərinləşməsinin faydalı olduğunu anlayır. Eyni zamanda, Gürcüstan Azərbaycanın sülh cəhdləri fonunda daha sabit bir bölgənin daha faydalı bir mühitə gətirib çıxaracağına da inanaraq Bakının mövqeyini bölüşür. Təsadüfi deyil ki, Tiflis Azərbaycan-Gürcüstan-Ermənistan məsləhətləşmələrinin başlanması prosesində artıq Azərbaycanla eyni tərəf kimi marağın gizlətmir. Əlbəttə, dialoq və əməkdaşlıq mühitinə və bölgədə bir an öncə sülhə nail olunmasını arzulayan Azərbaycan Prezidentinin bu məsələyə münasibəti kifayət qədər korrektdir - “Ermənistan buna hazırdırsa, Azərbaycan da hazırdır”. Təbii ki, dialoq mühitinin genişlənməsi, Cənubi Qafqazda daimi sülhün bərqərar olunmasından bütün region faydalanacaq. Bu məsələdə xüsusi diqqət çəkən isə odur ki, proseslər məhz Bakının arzu etdiyi istiqamətdə inkişaf edir. Bu mənada, Gürcüstanın da eyni mövqeyi bölüşərək prinsipial çıxış etməyə başlaması heç şübhəsiz ki, Azərbaycanın növbəti diplomatik qələbəsidir”, - deyə Bəhruz Məhərrəmov söyləyib.