AZƏRBAYCANLA KANADA ARASINDA İKİQAT VERGİTUTMA ARADAN QALDIRILACAQ
Komissiyanın sədri Səməd Seyidov bildirmişdir ki, layihə bir neçə ay əvvəl, ikinci çağırış Milli Məclisin iclasında müzakirə olunarkən narazılıqla qarşılanmışdır. Buna səbəb Kanada şirkətlərindən birinin Xəzərin Azərbaycana aid hissəsindəki neft yatağında, qanunsuz olaraq, Türkmənistan şirkətləri ilə əməkdaşlığa razılıq verməsi olmuşdur. Azərbaycan hökuməti Kanada tərəfinə öz etirazını bildirmiş və məsələyə aydınlıq gətirilməsini tələb etmişdir. Qarşı tərəfdən alınan cavabda deyilir ki, həmin şirkət Kanadanın rəsmi mövqeyini əks etdirmir. Əgər Azərbaycan hökuməti həmin şirkəti beynəlxalq məhkəməyə versə, Kanada hökuməti şirkəti müdafiə etməyəcəkdir. Kanada Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır və bu niyyətində israrlıdır. Kanada parlamenti isə Azərbaycanla münasibətləri inkişaf etdirmək üçün adı çəkilən layihəni artıq təsdiqləmişdir.
Komissiya üzvləri arayışı dinklədikdən sonra layihənin ratifikasiya edilmək üçün Milli Məclisin müzakirəsinə çıxarılmasını qərara almışlar.