AZƏRBAYCANLA RUSİYA FEDERASİYASININ SUBYEKTLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ MÖHKƏMLƏNİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndə heyəti və Ümumrusiya Azərbaycan Konqresi nümayəndələri səfir Ramiz Rizayevin başçılığı ilə dekabrın 1-3-də Həştərxan vilayətində işgüzar səfərdə olmuşdur.
Səfər zamanı R.Rizayev Həştərxan vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Qlazkovla görüşmüşdür. Görüşdə Azərbaycanla Həştərxan vilayəti arasında ticarət-iqtisadi, elmi və humanitar əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Tərəflərin 1994-cü ildə imzaladıqları əməkdaşlıq haqqında çərçivə sazişinin həyata keçirilməsinə toxunulmuşdur.
Görüşdə vurğulanmışdır ki, bu il Həştərxan vilayəti rəhbərliyinin və Azərbaycan hökumətinin əlaqələri nəzərəçarpacaq dərəcədə fəallaşmış, ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanmışdır.
R.Rizayev bildirmişdir ki, Həştərxan vilayəti Azərbaycan üçün Rusiyanın strateji regionudur, Rusiyanı respublikamızla sıx dostluq və mehriban qonşuluq telləri bağlayır. Respublikamız Həştərxan vilayəti ilə sıx əməkdaşlıqda maraqlıdır və bu əməkdaşlığın daha da dərinləşməsi, Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin indiki yüksək səviyyəsinə cavab verməsi üçün öz tərəfindən bütün işləri görür.
A.Qlazkov demişdir ki, Həştərxan vilayəti ilə Azərbaycan arasında dostluq münasibətlərinin səviyyəsi, habelə əldə olunmuş siyasi razılaşmalar xüsusən ticarət-iqtisadi sahədə daha sıx əməkdaşlığa geniş imkanlar açır. O, Həştərxanla Bakı arasında bərə reysi açılmasının zəruriliyini nəzərə çarpdıraraq qeyd etmişdir ki, bu, ticarət əməkdaşlığını gücləndirərdi. A.Qlazkov Həştərxan vilayətində yaşayan Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirərək, vilayətin ictimai və iqtisadi həyatında həmyerlilərimizin yaxından iştirakını qeyd etmiş, vilayətdə həyata keçirilən iqtisadi layihələrə Azərbaycan diasporunun qoşulmasının zəruriliyini vurğulamışdır. A.Qlazkov bununla əlaqədar Həştərxan vilayətində Azərbaycanın fəxri konsulunun tezliklə təyin olunmasının vacibliyini bildirmişdir.
Səfir Ramiz Rizayev səfərin birinci günü Həştərxan vilayətinin qubernatoru Anatoli Qujvinin məzarını ziyarət edərək gül-çiçək qoymuşdur. Mərhum A.Qujvin Azərbaycana həmişə böyük rəğbət hissi ilə yanaşır və respublikamızın rəhbərliyi ilə səmimi dostluq əlaqələri saxlayırdı.
Səfir Bakı küçəsində yerləşən və Azərbaycan diasporunun vəsaiti hesabına yenidən qurulan “Bakı” məscidinə baxmış, Həştərxan Dövlət Texniki Universitetinin tələbələri ilə görüşmüş, bədii gimnastika üzrə uşaq-gənclər idman məktəbində, Azərbaycan incəsənət ustalarının Həştərxan Musiqili Teatrında verdikləri konsertdə olmuşdur.
Səfər çərçivəsində Həştərxan vilayətindəki Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə ölkəmizin Rusiyadakı səfiri R.Rizayev, Həştərxan vilayəti qubernatorunun vəzifələrini müvəqqəti icra edən A.Qlazkov, ÜAK prezidentinin müşaviri Eldar Quliyev, ÜAK-ın Həştərxan vilayətindəki regional şöbəsinin başçısı Mirhacı Hüseynov, Azərbaycan və Həştərxan vilayəti ictimaiyyətinin digər nümayəndələri iştirak etmişlər.
Azərbaycan diplomatı öz çıxışında bildirmişdir ki, onun Həştərxan vilayətinə səfərindən əsas məqsəd həmvətənlərimizlə görüşmək, onların vəziyyəti, problemləri ilə tanış olmaq, perspektivli məsələləri müzakirə etməkdir.
R.Rizayev Azərbaycan diasporunun fəaliyyətindən məmnun qaldığını bildirərək demişdir ki, əvvəllər Həştərxan vilayətindəki Azərbaycan diasporu dağınıq vəziyyətdə idi, çünki bir neçə ictimai təşkilat yaradılmışdı, indi isə onları bir yerdə cəmləşdirmək mümkün olmuşdur və bu təşkilat hazırda ÜAK-ın regional şöbəsi kimi fəaliyyət göstərir.
Səfir ölkəmizdəki ictimai-siyasi və iqtisadi vəziyyət barədə ətraflı məlumat verərək bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev xarici və daxili siyasətin bütün istiqamətlərində çox uğurlu iş aparır. Dövlət başçısı son vaxtlar iki dəfə Azərbaycanın rayonlarına səfərə çıxmış və yerlərdə vəziyyətlə şəxsən tanış olmuşdur. Səfir Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsinin və Bakı ilə Həştərxan arasında bərə nəqliyyatının açılmasının zəruriliyini vurğulayaraq demişdir ki, bütün bunlar Azərbaycanın və Həştərxan vilayətinin iqtisadiyyatına əlavə gəlir gətirəcəkdir.
Diplomat burada yaşayan həmvətənlərimiz üçün yaradılan gözəl şəraitə görə Həştərxan vilayətinin rəhbərliyinə təşəkkür etmiş, həmvətənlərimizi vilayətin ictimai həyatında daha fəal iştirak etməyə çağırmışdır.
ÜAK prezidentinin müşaviri E.Quliyev vurğulamışdır ki, Konqresin oktyabrın 19-da Moskvada keçirilmiş ikinci qurultayı Azərbaycan diasporu üçün tarixi hadisə olmuşdur, çünki tədbirdə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişlər. Ali qonaqların tədbirdə iştirakı diqqəti diasporumuza cəlb etmiş və onun üzərinə böyük məsuliyyət qoymuşdur. O, həmvətənlərimizi Rusiya ilə Azərbaycan arasında dostluğun inkişafına və möhkəmlənməsinə öz töhfələrini verməyə, habelə mədəniyyətimizin, dilimizin, adət-ənənələrimizin qorunub saxlanmasına çağırmışdır. E.Quliyev demişdir ki, diasporun möhkəmlənməsi sahəsində ümumi vəzifələrin həllində ÜAK bütün Azərbaycan icmalarına kömək edəcəkdir.
A.Qlazkov görüşdə çıxış edərək, Azərbaycan diasporunun yerli şöbəsinin ünvanına xoş sözlər demiş və bildirmişdir ki, şöbə böyük nüfuza malikdir və vilayətin inkişafına sanballı töhfə verir. O, qarşılıqlı ticarət-iqtisadi fəaliyyət sahəsində Azərbaycan hökuməti ilə Həştərxan hökuməti arasında nəzərəçarpacaq əməkdaşlıqdan da danışmışdır.
ÜAK-ın Həştərxan vilayət regional şöbəsinin sədri Mirhacı Hüseynov diasporun gördüyü işlərdən, onun möhkəmlənməsi və inkişafı perspektivlərindən söhbət açmış, onlara göstərdikləri diqqətə görə səfir R.Rizayevə və vilayət rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri