CƏMİYYƏT
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ətraf mühitlə bağlı əməkdaşlıq imkanları müzakirə olunub
Qahirə, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər üzrə dövlət naziri, Nazirlər Kabinetinin üzvü və iqlim məsələləri üzrə nümayəndə Adil bin Əhməd Əl-Cubeyr Ər-Riyadda Səhralaşma ilə Mübarizə üzrə BMT Konvensiyasının Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29 Prezidenti Muxtar Babayevlə görüşüb.
AZƏRTAC Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadla xəbər verir ki, görüş zamanı iki ölkə arasında ətraf mühit, iqlim və torpaq deqradasiyası sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub, həmçinin konfransın gündəliyindəki əsas mövzular haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev də iştirak edib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə