AZƏRBAYCANLI DEPUTAT AŞPA-NIN SESSİYASINDA MƏRUZƏ ETMİŞDİR
Azərbaycanlı deputat ölkədəki siyasi vəziyyətə toxunaraq, əlləri yüzlərlə insanın qanına batmış Radovan Karaçiç və Ramko Mladiç kimi cinayətkarların hələ də azadlıqda olduqlarını xüsusi vurğulamış, bir çox canilərin mühakimə olunması üçün hökumətin Haaqadakı Beynəlxalq tribunalla əməkdaşlıq etməsi barədə təklif irəli sürmüşdür.
Məruzə ətrafında müzakirələrdə çıxış edən deputatlar müharibənin vurduğu yaraların, etnik qruplar arasında qarşıdurma hallarının hələ tam aradan qaldırılmamasına baxmayaraq, Bosniya və Herseqovinada sabitliyin bərpa edildiyini bildirmiş, islahatların həyata keçirilməsi üçün beynəlxalq təşkilatların ölkəyə yaxından kömək göstərməsinin vacibliyini vurğulamışlar.
Xatırladaq ki, indiyə qədər AŞPA-nın sessiyalarında Cənubi Qafqaz bölgəsinin üç ölkəsi arasında yalnız Azərbaycandan üç deputat məruzələrlə çıxış etmişlər.
Günün ikinci yarısında sessiya “Münaqişələrin qarşısının alınmasında və həllində qadınların rolu” məsələsini müzakirə etmişdir. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ölkəmizdə qadınların vəziyyətindən danışaraq demişdir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın-köçkünə çevrilmiş 1 milyondan artıq azərbaycanlının 70 faizini qadınlar və uşaqlar təşkil edir. On ildən artıqdır ki, bu qadınlar çadırlarda yaşayır, qızmar günəş altında, qışın soyuğunda elə bu çadırlarda da ana olur, bir çoxları isə belə ağır şəraitdə müxtəlif xəstəliklərə tutularaq ana olmaq şərəfindən məhrum olur. Azərbaycan qadını müharibədə yalnız evini, yurdunu deyil, oğlunu, ərini və doğmalarını da itirmişdir. Çıxışının sonunda R.Hüseynov Avropa Şurasının Ermənistan və Azərbaycan qadınlarını danışıqlar prosesinə fəal şəkildə cəlb etmək və hər iki ölkənin müxtəlif təbəqələrindən olan qadınların AŞPA-dakı fəal deputat qadınlarla birgə dəyirmi masada iştirakını keçirmək təklifini irəli sürmüş və bunun münaqişənin həllində fayda verə biləcəyini söyləmişdir.
Sessiya öz işini davam etdirir.