Azərbaycanlı rejissorun filmi Asuan Beynəlxalq Qadın Film Festivalında

Bakı, 6 mart, AZƏRTAC
Azərbaycanlı rejissor Təhminə Rafaellanın “Banu” filmi Misirdə keçirilən 7-ci Asuan Beynəlxalq Qadın Film Festivalında təqdim olunub. Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan “Banu” filmində Əməkdar artist Mələk Abbaszadə, Zaur Şəfiyev, Kəbirə Həşimli, Cəfər Həsən rol alıblar. Bu ekran əsərində hadisələr 44 günlük Vətən müharibəsi fonunda baş verir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Misirin mədəniyyət naziri Nevin Əl-Kilaninin iştirak etdiyi festivalda Avropa, Asiya, Amerika, Afrika və Yaxın Şərq ölkələrindən olan qadın kinorejissorların lentə aldıqları 61 film iştirak edir.
Martın 10-dək davam edəcək kinofestival çərçivəsində seminarlar, sərgilər və filmlərin yaradıcı heyətləri ilə görüşlər də təşkil olunacaq.