Azərbaycanlı tələbələr BMT-nin mənzil qərargahında ölkəmizi layiqincə təmsil ediblər
Bakı, 5 aprel, AZƏRTAC
“Shane Academy”də təhsil alan 10 tələbədən ibarət Azərbaycan komandası Nyu-Yorkda BMT-nin mənzil qərargahında ölkəmizin tarixini, siyasətini yüksək səviyyədə təmsil ediblər. 200-dən çox ölkədən 5 min 500 tələbənin qatıldığı “Dünyanın dəyişdirilməsi” adlı bu layihə çərçivəsində tələbələr bir ölkənin, təşkilatın nümayəndəsi kimi çıxış edib və dünyanın fərqli bölgələrindən gəlmiş nümayəndələrlə problemi həll ediblər.
“Shane Academy”dən AZƏRTAC-a bildiriblər ki, bu layihə iştirakçılara tənqidi təfəkkür, komanda işi və liderliklə yanaşı, tədqiqat, ictimai çıxış, debat və yazı kimi bacarıqları da öyrədir. Layihənin əsas məqsədi sabahın liderlərinin formalaşmasına töhfə vermək, demokratiya və tolerantlıq dəyərlərinə əsaslanan inkişaf etmiş dünya yaratmaqdır. Gənclərə yönəlmiş bu tədbirdə dünya siyasətinin və diplomatiyasının aparıcı simaları gənclərlə həmsöhbət olaraq onlara öz tövsiyələrini veriblər.
Ən az komanda üzvünə sahib olmasına və 100 nəfər üzvü olan komandalar 1 medala layiq görüldükləri halda, Azərbaycan komandası 4 medal və müxtəlif sertifikatlara layiq görülüb.