AZƏRBAYCANLILARIN SOYQIRIMI İLƏ BAĞLI ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Lənkəran Şəhər İcra Hakimiyyəti ilə LDU–nun birgə keçirdiyi tədbirdə ümummilli liderimiz Heydər Əliyevin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Universitetin professoru, tarix elmləri doktoru Tofiq Mustafayevin “Ermənilərin azərbaycanlara qarşı soyqırımı və onun tarixi kökləri” mövzusunda məruzəsi dinlənilmişdir.
Universitetin müəllimləri Hacı Həsənov “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası”, Mirhaşım Talışlı “Lənkəranda soyqırımı hadisələri”, tələbələr Camalə Əsgərova “1918-ci il soyqırımı və çağdaş Azərbaycan tarixşünaslığında” və Vüqar Şahbazov “Azərbaycan xalqının soyqırımı tarixi yaddaşımızda” mövzularında çıxış etmişlər.
Bildirilmişdir ki, 200 ildən çoxdur ki, erməni millətçiləri azərbaycanlılara qarşı soyqırımı siyasəti yeridirlər. Müəyyən tarixi dövrlərdə aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və təxribat xarakterli tədbirlər həyata keçirmişdir. Nəticədə yüz minlərlə soydaşlarımız dədə-baba torpaqlarından qovulmuş, müxtəlif təzyiq və təhqirlərə məruz qalmışlar. Onilliklər boyu davam edən bu soyqırımı siyasəti total ideoloji təcavüz, terror, hətta ayrı–ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunmuşdur.
Xüsusi vurğulanmışdır ki, 1992-ci ilin fevralında törədilmiş Xocalı faciəsi isə insanlığa qarşı çevrilmiş, öz qəddarlığı və amansızlığına görə misli görünməmiş genosid aktı kimi tarixdə qalacaqdır. Dənizdən–dənizə “Böyük Ermənistan” yaratmaq istəyən erməni şovinistlərinin Azərbaycanın ayrı–ayrı bölgələrində, o cümlədən Lənkəranda törətdikləri vəhşiliklərdən söhbət açan natiqlər bildirdilər ki, azərbaycanlılara qarşı aparılan soyqırımı siyasəti özünün siyasi–hüquqi qiymətini məhz ümummilli liderimiz Heydər Əliyevin əvəzolunmaz xidmətləri sayəsində tapmışdır. Böyük öndərimizin 26 mart 1998-ci tarixli Fərmanı ilə 31 Martın azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm amil kimi dəyərləndirilmişdir.
Konfrans iştirakçıları universitetin elmi kitabxanasında və akt zalında soyqırımına həsr olunmuş kitab və foto sərgilərlə tanış olmuşlar.