“AzerGold” QSC-də qanvermə aksiyası keçirilib
Bakı, 4 sentyabr, AZƏRTAC
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) könüllü qanvermə aksiyası təşkil edilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, cəmiyyətin əməkdaşları irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə könüllü qan veriblər. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən olunub və hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürülüb. Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
Qeyd edək ki, qan çatışmazlığı həyatları qandan asılı olan irsi qan xəstələri və təcili əməliyyata ehtiyacı olanların həyatda qalmaları üçün risk yaratdığını nəzərə alaraq “AzerGold” insanların həyatlarını xilasetmə yönündə bu nəcib təşəbbüsə növbəti dəfə qoşulub. Cari ilin aprel ayında da QSC-nin əməkdaşları tərəfindən könüllü qanvermə aksiyası təşkil edilib.